Mübahisəli, ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) təxminən altı aydan sonra Fələstin ərazisindəki yardım əməliyyatlarını dayandırdığını bildirib.
“Referans MEDİA” bildirir ki, təşkilat, Həmas və İsrail arasında altı həftə əvvəl qüvvəyə minən atəşkəsdən sonra Qəzzadakı üç qida paylama məntəqəsini artıq dayandırmışdı.
GHF Qəzza əhalisinə yardımın əsas tədarükçüsü kimi BMT-dən yan keçməyi hədəfləyib. BMT və digər yardım təşkilatları bunun qeyri-etik və təhlükəli olduğunu bildirərək, onun sistemi ilə əməkdaşlıq etməkdən imtina edib.
BMT-nin məlumatına görə, yüzlərlə fələstinli GHF-nin yerləşdiyi ərazilərin yaxınlığındakı xaos səhnələrində yemək axtararkən İsrail tərəfindən edilən atəşlər nəticəsində öldürülüb. İsrail tərəfi isə qoşunlarının xəbərdarlıq atəşi açdığını bildirib.
GHF bazar ertəsi günü bildirib ki, “təcili yardım missiyasını uğurla başa vurduğu” üçün əməliyyatları dayandırır və fələstinlilərə çatdırılan 187 milyondan çox yeməkdən ibarət ümumilikdə üç milyon bağlama təslim edib.
GHF-nin icraçı direktoru Con Akri də ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının həyata keçirilməsinə kömək etmək məqsədi ilə yaradılan ABŞ-ın rəhbərlik etdiyi Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) “sınaqdan keçirilmiş GHF modelini qəbul edəcəyini və genişləndirəcəyini” bildirib.
Qey edək ki, GHF-nin Qəzzanın cənubunda və mərkəzində yerləşən qida paylama yerləri ABŞ-ın özəl təhlükəsizlik şirkətləri tərəfindən idarə olunub və İsrail hərbi zonalarında yerləşidirilib.
BMT və onun tərəfdaşları sistemin neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental humanitar prinsiplərə zidd olduğunu və ümidsiz insanların hərbiləşdirilmiş zonalara yönəldilməsinin təbii olaraq təhlükəli olduğunu bildirib.
BMT-nin insan haqları ofisi 26 may və 31 iyul tarixləri arasında GHF obyektlərinin yaxınlığında yemək axtaran ən azı 859 fələstinlinin öldürüldüyünü qeyd edib. Daha 514 nəfər BMT və digər yardım karvanlarının marşrutları yaxınlığında həlak olduğunu bildirib. Ofisin məlumatına görə, onların əksəriyyəti İsrail hərbçiləri tərəfindən öldürülüb.
İsrail tərəfi isə bildirib ki, İsrail hərbçiləri onlara “təhdidedici” şəkildə yaxınlaşan insanlara xəbərdarlıq atəşi açıb.
GHF yardım obyektlərində heç bir atışma olmadığını bildirib və BMT-ni Qəzzanın Həmas tərəfindən idarə olunan səhiyyə nazirliyindən “yanlış və aldadıcı” statistik məlumatlardan istifadə etməkdə günahlandırıb.
BMT-nin sözçüsü Stephane Dujarric bazar ertəsi bildirib ki, GHF-nin bağlanmasının onların əməliyyatlarına “heç bir təsiri olmayacaq” “çünki biz onlarla heç vaxt işləməmişik”.
O, həmçinin bildirib ki, oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra Qəzzaya daha çox yardım daxil olsa da, bu, 2,1 milyon əhalinin “bütün ehtiyaclarını ödəməyə kifayət etmir”.
Referans MEDİAXəqani Əzizli
