“Beşiktaş”ın 20 yaşlı futbolçusu İlhan Fakılı qısa müddətdə nümayiş etdirdiyi performansla Avropa klublarının diqqətini cəlb edib. İngiltərə Premyer Liqasının təmsilçiləri gənc oyunçunu yaxından izləmək üçün Türkiyəyə gəlməyə hazırlaşırlar.
Referans Media xəbər verir ki, yay transfer pəncərəsində “Beşiktaş”ın heyətinə qoşulan İlhan Fakılı uğurlu çıxışı sayəsində Türkiyə millisinin əsas komandasına qədər yüksəlib. Gənc futbolçunun performansı artıq İngiltərə klublarının da marağına səbəb olub.
İlhan Fakılının qısa müddətdə diqqət çəkən oyun sərgiləməsi onu transfer bazarının maraq doğuran adlarından birinə çevirib. Məlumata görə, İngiltərə klublarının nümayəndələri və skautları futbolçunu yaxından izləmək üçün Türkiyəyə gələcəklər.
İngiltərə təmsilçilərinin skautları İlhan Fakılının “Beşiktaş”ın “Trabzonspor”la Türkiyə Super Liqasında və “Kristal Pelas”la Avropa Liqasında keçirəcəyi oyunlardakı çıxışını tribunadan canlı izləyəcəklər.
Bu qarşılaşmalarda gənc futbolçunun göstərəcəyi performans mümkün transfer addımları baxımından əhəmiyyət daşıya bilər.
İlhan Fakılı bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb. O, həmin matçlarda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
