Türkiyənin sabiq hakimi və futbol şərhçisi Fırat Aydınus Türkiyə Super Liqasının 9-cu turunda keçiriləcək "Qalatasaray" – "Fənərbaxça" derbisini idarə edə biləcək hakimlərlə bağlı fikirlərini bölüşüb. O, əsas namizəd kimi Atilla Karaoğlanın, alternativ olaraq isə Halil Umut Melerin adını çəkib.
Referans Media xəbər verir ki, Fırat Aydınus “Libero TV”də çıxışı zamanı prinsipial qarşılaşmanın hakim təyinatı ilə bağlı ehtimalları dəyərləndirib.
Sabiq hakim hesab edir ki, Qalatasaray – Fənərbaxça matçını idarə etməyə ən yaxın namizəd Atilla Karaoğlandır. Onun sözlərinə görə, Halil Umut Meler də alternativ namizəd ola bilər.
Fırat Aydınus VAR briqadasının tərkibi ilə bağlı da diqqətçəkən fikir səsləndirib. O, bu vəzifəyə əcnəbi, xüsusilə də ispaniyalı hakimlərin cəlb oluna biləcəyini bildirib.
“Əgər məntiqli qərar versələr, VAR-da əcnəbi və ispaniyalı hakimlər olar. Atilla Karaoğlan meydanda, Halil Umut Meler isə dördüncü hakim ola bilər. Atilla Karaoğlanla bağlı problem yaranarsa, Halil Umut Meler onun yerinə keçə bilər”, – deyə Aydınus bildirib.
Qeyd edək ki, bunlar sabiq hakimin ehtimallarıdır. Derbi üçün rəsmi hakim təyinatı barədə məlumat xəbərdə yer almır.
