İstanbulda yaşayan 75 yaşlı İbrahim Çelik qolunda əmələ gələn və aylarla sağalmayan kiçik yaranın dəri xərçəngi olduğunu öyrənib.
Referans Media xəbər verir ki, kişi dirsək nahiyəsində yaranan təxminən 1 santimetrlik yaranın uzun müddət keçmədiyini görərək həkimə müraciət edib. Müayinədən sonra həkimlər yaranın götürülməsinə qərar veriblər. Aparılan patoloji analiz nəticəsində həmin törəmənin dəri xərçənginin bir növü olan skuamöz hüceyrəli karsinoma olduğu müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, xəstə vaxtında müraciət etdiyi üçün xəstəlik ilkin mərhələdə aşkarlanıb və əlavə olaraq kimyaterapiya, radioterapiya və ya geniş cərrahi müdaxiləyə ehtiyac qalmayıb.
Dermatoloq Sevgi Kuzugüdenli Yılmaz bildirib ki, dəridə yeni əmələ gələn və ya forma, rəng, ölçü dəyişən xallar, ləkələr və sağalmayan yaralar ciddi xəstəliklərin əlaməti ola bilər. Onun sözlərinə görə, xüsusilə üz, əl və günəş şüalarına daha çox məruz qalan nahiyələrdə yaranan və uzun müddət sağalmayan yaralar mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir.
İbrahim Çelik isə qolundakı kiçik yaranın bu qədər ciddi nəticəyə səbəb ola biləcəyini təsəvvür etmədiyini deyib. O, insanlara günəş altında uzun müddət qalmamağı və səhhətlərində baş verən dəyişikliklərə laqeyd yanaşmamağı tövsiyə edib.
Həkimlər vurğulayırlar ki, ultrabənövşəyi şüalar dəri xərçənginin əsas risk faktorlarından biridir. Bu səbəbdən xüsusilə yay aylarında saat 10:00-dan 16:00-dək günəş altında uzun müddət qalmaqdan çəkinmək, günəşdən qoruyucu kremlərdən istifadə etmək, papaq və gün eynəyi taxmaq tövsiyə olunur.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, xalların və digər dəri törəmələrinin ev şəraitində və ya qeyri-peşəkar üsullarla aradan qaldırılmasına cəhd etmək təhlükəli nəticələrə səbəb ola bilər. Dəridə müşahidə olunan hər hansı şübhəli dəyişiklik zamanı vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
