Azərbaycanda kredit faizləri artıb – Ekspert səbəbləri izah etdi
Azərbaycanda yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 2024-cü ilin iyun ayının 1-nə olan məlumata görə 18.90%-ə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3.79 faiz bəndi artım deməkdir.
Sözügedən mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Əyyub Kərimli Referans-a açıqlamasında kredit faizlərinin artımının bir neçə səbəbdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, manatla əmanətlər üzrə bankların verdiyi yüksək faizlər, bankların xərclərini artıraraq ümumi kredit faizlərinə təsir göstərir.
Ekspert eyni zamanda həm onu bildirib ki, hazırda ölkəmizdə istehlak kreditlərinə böyük tələbat var. Bu tələbat da ümumi kredit portfelində istehlak kreditlərinin çəkisini artırır və nəticədə faizlər yüksəlir. Məhz buna görə də insanlar daha çox kredit götürməyə yönəliblər, bu da təklifin arxasınca tələbin sürətlə artmasına səbəb olur. Azərbaycanda bəzi banklar rəqabətsiz şəraitdə marjalarını artıraraq gəlirlərini yüksəltməyə çalışırlar.
‘Kreditlərə olan yüksək tələbat fonunda banklar arasında faizlər üzrə ciddi fərqlər yoxdur. Bu da bazarda mümkün sövdələşmə ehtimallarını artırır. Bütün banklar eyni şərtlərlə kredit verir. Rəqabət zəifdir. Bu isə faizlərin yüksək qalmasına şərait yaradır. Bu sahədə vəziyyətin yaxın dövrdə dəyişməsi çətin görünür. Faizlərin enməsi üçün bank sektorunda şəffaflığın və real rəqabətin gücləndirilməsinə ehtiyac var’, – deyə ekspert qeyd edib.
Gülgəz Qədirova
Referans