Sosial
şəbəkələrdə il sonuna doğru dolların 2 manata çatacağı ilə bağlı məlumatlar
yayılıb. İddialar cəmiyyətdə müzakirələrə səbəb olub.
İqtisadçı-ekspert
Akif Nəsirli Referans-a açıqlamasında bu proqnozun reallaşma ehtimalından
danışıb.
“Dolların
məzənnəsinin dəyişmə şəraitinə diqqət yetirmək lazımdır. Əvvəlcə qeyd etmək
lazımdır ki, bu gün dolların Azərbaycan manatına qarşı məzənnəsi hökümət tərəfindən
tənzimlənir. Bu qərara bağlı bir məsələdir. Burada dollar-manat münasibətləri
üzən məzənnə ilə tənzimlənmir. Hər ay hökümət hərraca 600 -700 milyon dollar vəsait
çıxarır. Maliyyə bazarında dolların səviyyəsini tələbata uyğun təmin edir.
Manatın məzənnəsi dollara görə sabit saxlanılır. Bu, dövlətin qərarıdır və buna
başqa heç nə təsir edə bilməz. Dünyada dolların ucuzlaşması və ya bahalaşması
Azərbaycana təsir etmir”.
Ekspert
2015-ci ilin iqtisadi vəziyyəti ilə hazırki vəziyyəti də müqayisə edib.
“Yadınızdadırsa,
2015-ci ildə hökümət manat-dollar münasibətlərində dolların məzənnəsini
qaldırdı, yəni dollar bahalaşdı. Həmin dövrdə də Azərbaycan höküməti eyni siyasəti
yürüdürdü. Bu bahalaşmaya səbəb olan amillər nədən ibarət idi? 2015-ci ilə nəzər
salaq. 2015-ci ilin yanvar, fevral, mart aylarında Azərbaycan Mərkəzi Bankının
4-5 milyard arası valyutası “əridi”. Həmin vaxt neftin qiyməti də çox aşağı
idi. Yəni Azərbaycan hökümətinin neftdən gələn gəlirləri azalmışdı, Mərkəzi
Bankın valyuta ehtiyyatları tükənmişdi, hökümətin yeganə yolu aktivlərin aktivlərin
realizasiyasını aparsın və Mərkəzi Bank üçün “maliyyə yastığı” yaratsın. Bu
realizasiya isə Azərbaycan hökümətinə baha başa gəlirdi. Ona görə də Azərbaycan
höküməti çıxılmaz vəziyyətdə qalaraq devalvasiyaya getdi. 2015-ci ildə
devalvasiyasını şərtləndirən xüsusiyyətlər bunlar idi. Bu gün Azərbaycan Mərkəzi
Bankının valyuta ehtiyyatları təxminən 12 milyard manata yaxındır. Neft
Fondunun aktivləri 70 milyard dollara yaxındır. Üstəlik, neft dünya bazarında
70 dollar ətrafında ticarət olunur. Yəni Azərbaycanın neftdən gələn gəlirləri də
kifayət qədərdir. 2015-ci ilin analogiyası ilə hazırki dövrü müqayisə edəndə
manatın dollara nisbətən məzənnəsini dəyişmək ehtimalının real olmasına səbəb
yoxdur”.
Fidan
Vəlisoy