ABŞ və İran arasında hərbi əməliyyatlar müxtəlif səviyyələrdə aparılan danışıqlara baxmayaraq səngimək bilmir. Siyasi və hərbi təzyiqlərlə yanaşı, iqtisadi təzyiqlər də artıq uzun illərdir sanksiyalar altında olan İranın vəziyyətini daha da ağırlaşdırıb.
Son dövrlərdə İranın milli valyutası olan rial ABŞ dolları qarşısında sürətlə dəyər itirir. Ekspertlər bildirirlər ki, bu prosesə təkcə son hərbi gərginlik deyil, həm də illərdir yığılan iqtisadi problemlər təsir göstərir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans Media-ya açıqlamasında bildirib ki, İran iqtisadiyyatında problemlər uzun illərdir davam edir:
“İran rialı son bir ildə təxminən 6 dəfəyə yaxın ucuzlaşıb. Müharibə şəraitində ABŞ və İranın bir-birinə qarşı iqtisadi təzyiqləri, Hörmüz boğazında yaranmış gərginlik və ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi blokada milli valyutanın daha da dəyərdən düşməsinə səbəb olub.”
Ekspert qeyd edib ki, rialın ucuzlaşmasının əsas səbəbi mövcud müharibə olsa da, problemin kökündə İran iqtisadiyyatının illərlə düzgün idarə olunmaması dayanır:
“İrana qarşı uzun illərdir müxtəlif iqtisadi sanksiyalar tətbiq edilir. Eyni zamanda iqtisadi resursların səmərəsiz idarə olunması da vəziyyəti daha da ağırlaşdırıb. Müharibə isə bu problemləri daha da dərinləşdirib.”
