Dövlət işçilərinə maaşla bağlı SON DƏQİQƏ xəbəri verildi: Oktyabrın 10-dan qüvvəyə minir

Büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına əlavələrin, mükafat və digər ödənişlərin yuxarı hədlərinin tətbiqinin oktyabrın 10-dək təxirə salınması işçilərin gəlirlərinə və dövlət büdcəsindən maliyyələşən qurumlarda əməkhaqqı siyasətinə necə təsir göstərəcək?

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dəyişiklik ilk növbədə büdcədənkənar vəsait hesabına əlavə gəlir əldə edən dövlət qurumlarının əməkdaşları üçün keçid dövrü yaradır.

Onun sözlərinə görə, sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan məhdudiyyətlərin oktyabrın 10-dan tətbiq olunması həmin müddət ərzində əvvəlki qaydalarla əlavə və mükafatların verilməsi imkanlarının saxlanılması deməkdir.

Akif Nəsirli qeyd edib ki, oktyabrın 10-dan etibarən əlavə ödənişlər üçün konkret tavanlar qüvvədə olacaq. Belə ki, aylıq vəzifə maaşına əlavələr maaşın 1 mislinədək, mükafat və digər ödənişlər isə il ərzində əməkhaqqı fondunun 20 faizinə qədər müəyyənləşdirilib:

“Bu, xüsusilə büdcədənkənar gəlirləri yüksək olan qurumlarda əməkdaşların ümumi gəlirlərinin əvvəlki səviyyədə qeyri-məhdud artmasına imkan verməyəcək”.

İqtisadçı vurğulayıb ki, dəyişiklik baza əməkhaqqının özünü azaltmır. Söhbət əsasən büdcədənkənar gəlirlər hesabına verilən əlavə, mükafat və digər ödənişlərin tənzimlənməsindən gedir. Buna görə də gəlir itkisi əsas maaşı deyil, əlavə ödənişlərdən yüksək gəlir əldə edən işçiləri daha çox təsirləndirə bilər.

Onun fikrincə, daha mühüm məqam bu addımın dövlət sektorunda əməkhaqqı siyasətinin daha standart və proqnozlaşdırılan modelə keçirilməsi istiqamətində olmasıdır. Hesablama Palatasının məlumatına əsasən, büdcədənkənar vəsaitlər hesabına əməkhaqqı xərclərinin artımı dövlət büdcəsindəki əməkhaqqı xərclərinin artımını əhəmiyyətli dərəcədə üstələyib.

“Yeni məhdudiyyətlər bu fərqlərin və qurumlar arasında əlavə gəlir imkanlarının daha çox tənzimlənməsinə gətirib çıxara bilər”, – deyə Akif Nəsirli bildirib.

İqtisadçı əlavə edib ki, qısamüddətli dövrdə oktyabrın 10-dək olan təxirəsalma işçilər üçün maliyyə baxımından müəyyən yumşalma yaradır. Onlar yeni tavanlar tətbiq olunana qədər mövcud mexanizmdən istifadə edə bilirlər.

“Uzunmüddətli perspektivdə isə əsas məsələ əlavə ödənişlərin məhdudlaşdırılmasından daha çox, işçilərin baza maaşlarının adekvat səviyyədə saxlanılması və yüksək ixtisaslı kadrların dövlət sektorunda motivasiyasının qorunması olacaq”, – deyə ekspert vurğulayıb.


Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki