Dövlət məmurunun kölgəsində qanunsuzluq: Bəylər Eyyubovun adı ilə vətəndaşı müflis edənlər nə zaman cavab verəcək?

Azərbaycanda qanunların aliliyi elan edildiyi bir vaxtda, bəzi şəxslərin nüfuzlu dövlət məmurlarının adından istifadə edərək vətəndaşları talan etməsi, hüquq sisteminə və dövlətçilik prinsiplərinə qarşı acıq-aşkar çağırışdır. İddia olunur ki, Prezidentin keçmiş Təhlükəsiz Xidmətinin rəisi Bəylər Eyyubovun qohumları olduğu bildirilən bir qrup şəxs—Sabir Əsədov, Elbəyi Əsədov, İsmayıl Əsədov qardaşları və onların bacısı oğlu Rəşid Advoev Binə kəndində kənd təsərrüfatı ilə məşğul olan kənd sakini Səxavət Məmmədova qarşı külli miqdarda dələduzluq ediblər.

Deyilənlərə görə, həmin şəxslər S.Məmmədova şərikli pomidor alqı-satqısı biznesi təklif edərək onu böyük məbləğdə öhdəliklər götürməyə təhrik ediblər. Nəticədə, vətəndaş müxtəlif şəxslərdən borc alaraq işə məhsula yatırıb, lakin məhsul satıldıqdan sonra nəinki qazanc, hətta yatırılan əsas pul da mənimsənilib. İddialara əsasən, S.Məmmədova dəyən maddi zərər 800.000 manata yaxındır.

Dövlət məmurunun adı arxasında gizlənərək at oynatmaq nə zamana qədər davam edəcək?

Ən acınacaqlı məqam isə budur ki, bu şəxslərin öz əməllərini pərdələmək üçün yüksək rütbəli məmurun adını qalxan etdikləri bildirilir. İddia edilir ki, Həmin şəxslər kürd olduqlarını və B.Eyyubovla qohumluq əlaqələrini önə çəkərək, "bizdən kimə şikayət edəcəksiniz?" məntiqi ilə vətəndaşa hədə-qorxub gəlib, özlərini qanundan üstün tutmağa çalışırlar.

Bura çox kəskin və açıq bir sual ortaya çıxır: Bir dövlət rəsmisinin qohumu olmaq, hansısa şəxsə vətəndaşın min bir əziyyətlə qazandığı pulu əlindən almaq və hüquq-mühafizə orqanlarına meydan oxumaq hüququ verirmi?

Bir kənd sakininin 800.000 manatlıq zərərə salınması təkcə fərdi faciə deyil, həm də biznes mühitinə və ədalət sisteminə vurulan ağır zərbədir.

Ədalət bərpa olunacaq, yoxsa "nüfuzlu adlar" qanunu üstələyəcək?

Hazırda məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araştırma aparıldığı bildirilir.

Əgər şəxs cinayət törədib, vətəndaşın əmlakını hədə-qorxu və aldatma yolu ilə ələ keçiribsə, onun kimin qohumu olmasının heç bir əhəmiyyəti olmamalıdır. Qanun qarşısında hamı bərabərdir və bu prinsip kağız üzərində deyil, əməldə sübut olunmalıdır.

Bu hadisə sadəcə bir maliyyə fırıldağı deyil, vətəndaşın dövlətə və ədalətə olan inam imtahanıdır. Cəmiyyət Bakı Şəhər Baş Polis İdarəsindən və aidiyyəti qurumlardan bu məsələyə hüquqi qiymət verilməsini, dəymiş zərərin ödənilməsini və adlardan istifadə edərək özbaşınalıq edən şəxslərin qanun qarşısında cavab verməsini gözləyir.
Pulun məbləği çoxdur, amma məni daha çox düşündürən başqa şeydir: "heç kimdən qorxmuruq" cümləsi.

Əgər bu cümlə həqiqətən səslənibsə, məsələ yalnız bir ticarət mübahisəsi olmaqdan çıxır. Bu, sistemə dair bir siqnaldır: bəzi insanlar hesab edir ki, soyad qanundan güclüdür. Üstəlik, bu inam təsadüfən yaranmır. Cəmiyyətdə illərlə formalaşmış "tanışlıq", "qohumluq", "arxa" mədəniyyətinin nəticəsidir.
Bir məqamı xüsusi qeyd etməliyəm: Bəylər Eyyubovun özünün bu işdə iştirakı barədə heç bir iddia yoxdur. Mövcud məlumata görə, yalnız onun adından, daha dəqiq desək, qohumluq əlaqəsindən istifadə edildiyi deyilir. Bu fərq prinsipialdır, çünki bir adamın adı başqalarının əməlinə görə məsuliyyətə çəkilə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki