Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatınsa bürünc medal qazanıb.
Referans xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə BƏƏ-ni təmsil edən əslən gürcü, ikiqat dünya və üçqat Avropa çempionu Nuqzari Tatalaşvilini qızıl xal bölümündə cərimə xalları hesabına üstələyib.
Bununla da, Tçkayev karyerasında ilk dəfə dünya çempionatının medalını qazanıb. O, aprelin 25-də Avropa çempionatında olduğu kimi, yenə bürünc medala sahib çıxıb. Azərbaycan təmsilçisi 52 gün ərzində həm qitə, həm də dünya çempionatlarının medalını əldə etməyi bacarıb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında ilk medalıdır.
İndiyədək dünya çempionatında fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Eyni sayda kişi cüdoçudan isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 final mərhələsinədək irəliləyərək, 7-ci yerlə kifayətlənib.