backend

Dünyanın ən yaxşı turizm şəhərləri açıqlandı: Antalya Los-Ancelesi geridə qoydu

Dünyanın aparıcı müstəqil tədqiqat qurumlarından biri olan Euromonitor “Dünyada ən çox turist cəlb edən şəhərləri” siyahısını açıqlayıb. Siyahıya bu il ilk dəfə Türkiyədən Antalya daxil olub. Los-Anceles və Dubay kimi şəhərləri geridə qoyub.

Referans Media xəbər verir ki, bundan əvvəl “Dünyanın ən çox ziyarət edilən şəhərləri” reytinqini açıqlayan Euromonitor bu dəfə keyfiyyət, dayanıqlılıq və destinasiya idarəçiliyini ön plana çıxaran “Dünyanın ən yaxşı 10 turizm destinasiya­sı” siyahısını yayımlayıb.

Beynəlxalq tədqiqat şirkəti Euromonitorun hesabatına əsasən, Antalya 5-ci yerdə qərarlaşıb. Antalya bu siyahıya düşən Türkiyədən ilk və yeganə şəhər olub.
Uzunmüddətli turizm performansı əsas götürülüb.

Londonda yerləşən Euromonitor 2025-ci il üçün əvvəlcə “Dünyanın ən çox ziyarət edilən şəhərləri”, daha sonra isə “Dünyanın ən yaxşı 10 turizm destinasiya­sı” araşdırmasını təqdim edib. İkinci siyahı yalnız turist sayını deyil, destinasiya­ların uzunmüddətli turizm performansını qiymətləndirməsi ilə seçilir. Bu genişmiqyaslı araşdırmada Antalya 5-ci pillədə yer alaraq, indiyədək bu siyahıya daxil olan Türkiyənin ilk və yeganə şəhəri kimi qeydə alınıb.
50-dən çox göstərici qiymətləndirilib.

Euromonitor-un Lighthouse əməkdaşlığı ilə hazırladığı araşdırmada turizm infrastrukturu, iqtisadi və kommersiya səmərəliliyi, məşğulluq və əmək bazarı potensialı, turizm siyasətlərinin ardıcıllığı, səhiyyə və təhlükəsizlik şəraiti, ekoloji və sosial dayanıqlılıq da daxil olmaqla 50-dən çox göstərici təhlil edilib. Tədqiqat dünya üzrə 100 fərqli turizm və istirahət destinasiya­sını əhatə edir. Araşdırmanın əsas məqsədi destinasiya­ların təkcə nə qədər turist cəlb etdiyini deyil, turizmi nə dərəcədə sağlam, balanslı və davamlı idarə etdiyini ortaya qoymaqdır.

Dünyanın ən yaxşı 10 turizm destinasiya­sı

Araşdırmaya görə, 2025-ci il üçün dünyanın ən yaxşı 10 turizm destinasiya­sı bunlardır:
Orlando
Nyu-York
Məkkə
Paris
Antalya
Mədinə
Los-Anceles
Dubay
Kankun
Kioto

Siyahıda yer alan destinasiya­ların böyük əksəriyyəti şəhər turizmi ilə seçildiyi halda, Antalya kurort tətili kimliyi ilə fərqlənən yeganə destinasiya kimi diqqət çəkir.

Qlobal turizmdə istiqamət dəyişikliyi

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu siyahı qlobal turizmdəki istiqamət dəyişikliyini də açıq şəkildə göstərir. İnfrastruktur, ətraf mühit və yerli əhali üzərində təzyiqlərin artdığı bir dövrdə dayanıqlılığı və balansı qoruyan destinasiya­lar ön plana çıxır. Bu yanaşmanın əsas hədəfləri daha şüurlu turist profili, daha uzun qalma müddəti, təbii və sosial mühitin qorunması, eləcə də yerli əhalinin həyat keyfiyyətinin yüksəldilməsidir.

Antalyaya gələn turistlər məmnun ayrılır

Antalyanın ilk beşliyə daxil olmasında güclü yerləşdirmə infrastrukturu, məhsul müxtəlifliyi, müasir hava limanı, inkişaf etmiş nəqliyyat imkanları, ailə dostu turizm xidmətləri, təbiətlə uzlaşan istirahət anlayışı və texnologiyaya uyğunluğu mühüm rol oynayıb. Qiymətləndirmələrdə ziyarətçi təcrübəsi və məmnunluq göstəricilərinin də həlledici olduğu bildirilir.

Türkiyə turizmində kəmiyyət­dən keyfiyyətə keçid

Antalyanın bu siyahıya ilk dəfə daxil olması Türkiyə turizmi baxımından kəmiyyət­dən keyfiyyətə keçidin konkret göstəricisi kimi dəyərləndirilir. Qarşıdakı illərdə oxşar indekslərdə dayanıqlılıq, destinasiya idarəçiliyi və keyfiyyət yönümlü meyarların daha da ön plana çıxacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki