Dünyanın gözü 19 iyunda: Neft və qızıl üçün kritik tarix - Qiymətlərdə şok eniş başladı

ABŞ və İran arasında əldə olunan razılaşma qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Referans MEDİA xəbər verir ki, Hörmüz boğazının yenidən açılacağı gözləntiləri neft qiymətlərini kəskin aşağı salarkən, investorların təhlükəsiz aktivlərə yönəlməsi qızılın bahalaşmasına gətirib çıxarıb.

Aylarla davam edən danışıqlardan sonra Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın 19 iyunda rəsmən imzalanacağı gözlənilir.

Sazişin əsas nəticələrindən biri kimi Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatı üçün yenidən tam fəaliyyət göstərəcəyi ehtimal edilir. Dünya neft ticarətinin təxminən 20 faizinin həyata keçirildiyi bu strateji marşrutun açılması enerji bazarlarında təchizatla bağlı narahatlıqları azaldıb.

Bu gözləntilər fonunda investorlar neft kontraktlarının satışına üstünlük veriblər. Nəticədə Brent markalı neftin qiyməti 4 faizdən çox ucuzlaşaraq 84 dolların altına düşüb və 83,6-84 dollar intervalında qərarlaşıb. ABŞ-ın WTI markalı xam nefti də 80-81 dollar səviyyələrinə geriləyib.

Bazar analitiklərinin fikrincə, əgər razılaşma uzunmüddətli xarakter alarsa və Hörmüz boğazından neft axını tam normallaşarsa, Brent neftinin qiyməti ilin sonuna qədər 80 dollara qədər enə bilər.

Neft bazarındakı ucuzlaşmaya baxmayaraq, qızıl qiymətlərində əks proses müşahidə olunub. Geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənlik səbəbindən investorlar təhlükəsiz liman hesab edilən qızıla üz tutublar.

Nəticədə qızılın bir unsiyasının qiyməti 4300 dollar həddini keçib. Türkiyədə isə qızılın qramı 6400 lirəyə yaxınlaşaraq yeni rekord səviyyələri test edib.

Bazar iştirakçılarının diqqəti indi 19 iyunda keçirilməsi gözlənilən rəsmi imzalanma mərasiminə yönəlib. Ekspertlər hesab edirlər ki, sazişin detalları və tərəflərin sonrakı açıqlamaları enerji və qiymətli metallar bazarlarının istiqamətini müəyyənləşdirəcək.

ABŞ Prezidenti Donald Tramp razılaşmanı “əla saziş” adlandırıb. İran rəsmiləri isə bunun daha geniş və əhatəli danışıqlar mərhələsinin başlanğıcı olduğunu bildiriblər./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki