Türkiyə kinosunun əfsanəvi aktyoru Kadir İnanırın vəfatından sonra mirası ilə bağlı yeni iddialar ortaya çıxıb. Onun bank hesablarında 60 milyon Türkiyə lirəsi olduğu, şəxsi kolleksiyasına aid bəzi qiymətli əşyaların isə yoxa çıxdığı bildirilir.
Referans Media xəbər verir ki, “Hürriyet” qəzetinin məlumatına görə, aktyorun bank qeydlərində ümumilikdə 60 milyon TL nağd vəsait olduğu iddia edilir.
Məlumata əsasən, İnanır uzun illər səhhətindəki problemlərə görə yüksək müalicə xərcləri çəkib. Bu səbəbdən Dalaman və İstanbulun Ulus bölgəsindəki evlərini satdığı bildirilir.
Bundan başqa, aktyorun bacısı oğlu Levent İnanırın polisin müşayiəti ilə evə daxil olaraq qiymətli əşyaları yoxladığı, lakin saat, alışqan və təsbeh kolleksiyalarının seyfdə olmadığı iddia olunur.
Kadir İnanır 9 may 2022-ci ildə notariusda hazırlatdığı vəsiyyətnamə ilə daşınmaz əmlakını, bank hesablarındakı vəsaitləri, avtomobillərini və digər əmlakını həyat yoldaşı Jülide Kural'a vəsiyyət edib. Kural isə aktyorun böyük sərvətə sahib olması barədə xəbərləri təkzib edərək onun əmlakının yaşadıqları ev, üç köhnə avtomobil və bankdakı müəyyən məbləğdə puldan ibarət olduğunu bildirib.
Vəsiyyətnamənin açılması ilə bağlı məhkəmə iclası bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən 17 dekabr 2026-cı il, saat 09:30-a təxirə salınıb.
