Əhaliyə SEVİNDİRİCİ XƏBƏR: Maaş və pensiyalar bu qədər ARTACAQ

2027-ci ildə maaş və pensiyaların artırılması əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə necə təsir edəcək? Artımların inflyasiya və bahalaşma fonunda vətəndaşların yaşayış xərclərini nə dərəcədə kompensasiya edəcəyi gözlənilir?

Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, maaş və pensiyaların nə qədər artırılacağı hələ məlum deyil. Onun sözlərinə görə, artımın hansı həddə olacağı dəqiqləşmədən bunun inflyasiyanın təsirini nə dərəcədə kompensasiya edəcəyini də demək mümkün deyil.

İqtisadçı qeyd edib ki, artımın inflyasiyadan aşağı və ya yuxarı olmasından asılı olaraq vətəndaşların real gəlirlərində fərqli dəyişikliklər baş verəcək:

“Maaş və pensiyaların artırılması təbii ki, real gəlirlərin artmasına xidmət etməlidir. Gələn il üçün təqribən 5-7 faiz inflyasiya proqnozlaşdırılır. Nə qədər artım olacaqsa, həmin inflyasiyanın nə qədərini kompensasiya edəcəyi də bundan asılıdır. Əgər artım inflyasiyadan aşağı olacaqsa, təbii ki, real gəlirlər azalacaq. Yox, artım inflyasiyadan yuxarı olarsa, real gəlirlər artmış olacaq”.

Xalid Kərimli minimum əməkhaqqının artırılması məsələsinə də toxunub.

O bildirib ki, ölkədə minimum əməkhaqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-dən artırılıb və qanunvericiliyə əsasən, hökumət hər il ən azı bir dəfə minimum əməkhaqqının məbləğinə baxmalıdır. Onun sözlərinə görə, bu, mütləq şəkildə artırılmalıdır demək deyil, lakin minimum əməkhaqqının dəyişdirilməsi məsələsinə baxılması öhdəliyi mövcuddur.

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı iqtisadi artım və inkişafın vəziyyəti, ölkədə məşğulluğun səviyyəsi, əmək məhsuldarlığı, orta əməkhaqqının dinamikası və cari vəziyyəti, manatın alıcılıq qabiliyyəti, inflyasiyanın səviyyəsi və digər amillər nəzərə alınmalıdır.

“Qərar bu amillərin kompleks təhlili və uyğunlaşdırılmasından sonra qəbul edilə bilər. Burada əsas məqsəd ondan ibarətdir ki, minimum əməkhaqqı təkcə dövlət büdcəsinə və dövlət sektoruna təsir edən amil deyil. Bu, iqtisadiyyatın bütün sektorlarına, xüsusən də kiçik və orta biznesə təsir edən qərardır. Heç bir subyekt, fiziki və ya hüquqi şəxs, mikro, kiçik və yaxud orta sahibkarlıq subyekti olmasından asılı olmayaraq minimum əməkhaqqı standartlarına riayət etməlidir”, – deyə Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqqının ölçülməmiş şəkildə artırılması iqtisadiyyat üçün ciddi problemə çevrilə bilər. Bu, inflyasiyanı sürətləndirə, eyni zamanda məşğulluğa mənfi təsir göstərə və qeyri-məşğulluğu artıra bilər.

İqtisadçı vurğulayıb ki, real və özəl sektorun, mikro, kiçik və orta sahibkarlığın minimum əməkhaqqı standartlarına cavab verə bilməsi və bunun onların təsərrüfat fəaliyyətinə təsiri də nəzərə alınmalıdır:

“Çünki biz vətəndaş olaraq təkcə dövlətin imkanlarını yox, həm də biznesin vəziyyətini nəzərə almalıyıq. Amma ümumiyyətlə, son iki ildə həm ölkədə orta aylıq əməkhaqqının artım tempinə, həm də inflyasiya rəqəmlərinə baxanda görürük ki, minimum əməkhaqqının artırılması üçün kifayət qədər əsas var”.

Xalid Kərimli minimum əməkhaqqının mümkün artım həddi ilə bağlı ilkin təxminlərini də bölüşüb.

O qeyd edib ki, 2025-ci ildə ölkədə inflyasiya 5,2 faiz, 2026-cı ildə isə 5,7 faiz olub və 2027-ci ildə də təqribən 5,7 faiz səviyyəsində inflyasiyanın davam etməsi gözlənilir. Eyni zamanda, 2025-ci ildə orta aylıq əməkhaqqı 9,3 faiz, 2026-cı ildə isə 2,7 faiz artıb.

“Bu rəqəmlər onu deməyə imkan verir ki, hökumət təqribən 15 faiz ətrafında minimum əməkhaqqının artırılması ilə bağlı təklif verə bilər. Bu, həm ölkədə manatın alıcılıq qabiliyyətinin, xüsusən sosial baxımdan əhali üçün təsirini neytrallaşdırmağa imkan verəcək, həm də ölkədə orta aylıq əməkhaqqının artım tempinə uyğun olacaq”, – deyə iqtisadçı bildirib.

Onun fikrincə, minimum əməkhaqqı minimum 10, ən yuxarı isə təqribən 15 faiz ətrafında artırıla bilər və bu, kifayət qədər əsaslı olacaq.

“Amma minimum əməkhaqqının kəskin şəkildə 25-30-50 faiz artırılması kimi məsələlərə gələndə bu, bir qədər populist addımdır. Eyni zamanda bunun iqtisadiyyata ziyanı xeyrindən çox ola bilər. Çünki özəl sektorun, biznes sektorunun çəkə bilməyəcəyi yükü onlara məcburi şəkildə müəyyənləşdirmək əmək bazarında vəziyyəti pisləşdirə, işsizliyi artıra və eyni zamanda qeyri-rəsmi məşğulluğu təşviq edə bilər”, – deyə Xalid Kərimli qeyd edib.

İqtisadçı əlavə edib ki, qərar qəbul edilərkən məsələyə kompleks yanaşılmalıdır:

“Təbii ki, minimum əməkhaqqının artırılması zəruridir, amma onun həddi qeyd etdiyim məqamlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki