Ermənistan parlamentinin vitse-spikeri seçildi

Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının namizədi Hayk Kocondjoryan Ermənistan parlamentinin vitse-spikeri seçilib.

Referans Media xəbər verir ki, bu barədə parlamentin hesablayıcı komissiyasının sədri Lilit Minasyan "YouTube" kanalında yayımlanan iclas zamanı məlumat verib.

"105 deputatdan 91-i səsvermədə iştirak edib. Səslər aşağıdakı kimi bölüşdürülüb: 63 nəfər "lehinə", 28 nəfər isə "əleyhinə" səs verib", - o izah edib.

Müxalifətə məxsus "Güclü Ermənistan" fraksiyası hakim partiyanın namizədinin əleyhinə səs verdiyini bəyan edib. "Ermənistan" fraksiyası isə seçkilərdə iştirak etməyib.

Parlament qarşıda daha iki vitse-spiker seçməlidir: hakim fraksiyanın bir nümayəndəsini və müxalifətin bir nümayəndəsini.

İyunun 7-də Ermənistanda parlament seçkiləri başa çatıb. Deputat mandatları uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Favorit hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" hesab olunurdu. Onun əsas rəqibi respublikanın ən varlı adamlarından biri olan Samvel Karapetyanın "Güclü Ermənistan" bloku idi.

Paşinyanın partiyası ölkə hökumətini təkbaşına formalaşdırmaq hüququ qazanaraq seçkilərdə qalib gəlib./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki