"Fənərbaxça" klubunda prezident seçkilərindən sonra transfer gündəmi daha da qızışıb. İddialara görə, yenidən prezident seçilən Aziz Yıldırım ilk transferini həyata keçirməyə yaxındır.
Referans Media xəbər verir ki, sarı-lacivərdlilər Vedat Muriqi ilə razılıq əldə edib. Bildirilir ki, futbolçunun çıxış etdiyi "Mayorka" ilə də danışıqlarda böyük irəliləyiş əldə olunub.
Məlumata görə, İspaniya təmsilçisi əvvəlcə transfer üçün 20 milyon avro tələb etsə də, tərəflər arasında aparılan danışıqlardan sonra bu məbləğin 15-16 milyon avro səviyyəsinə endirildiyi iddia olunur.
Transferlə bağlı rəsmi açıqlama verilməsə də, Vedat Muriqinin həyat yoldaşı Edibe Muriqinın sosial şəbəkədə etdiyi paylaşım azarkeşlər arasında böyük maraq doğurub. Onun paylaşımı futbolçunun "Fənərbaxça"ya qayıdacağı ilə bağlı iddiaları daha da gücləndirib.
Qeyd edək ki, "Fənərbaxça"nın növbədənkənar seçkili ümumi yığıncağında Aziz Yıldırım 17 min 245 səs toplayaraq yenidən klub prezidenti seçilib. Transferin yaxın günlərdə rəsmiləşdiriləcəyi gözlənilir.
