Türkiyə Super Liqasının yeni komandalarından olan "Amedspor" heyətini gücləndirmək üçün diqqətçəkən transfer əməliyyatına başlayıb. Diyarbakır təmsilçisinin vaxtilə "Fənərbaxça" və "Qalatasaray"ın da maraq göstərdiyi, İngiltərə Premyer Liqası klubu “Tottenhem”dən ayrılan Yves Bissouma ilə maraqlandığı iddia edilir.
Referans Media xəbər verir ki, klub rəhbərliyinin transfer çalışmalarını böyük məxfilik şəraitində apardığı bildirilir. Məlumata görə, Mali millisinin üzvü olan yarımmüdafiəçinin gələcəyi ilə bağlı qərarını 2026-cı il Dünya Kubokundan sonra verəcəyi gözlənilir.
Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən "Amedspor"un Bissouma transferi ilə bağlı danışıqlara başladığı qeyd olunur. Daha əvvəl "Fənərbaxça" və "Qalatasaray"ın da gündəmində olan futbolçunun Super Liqaya mümkün qayıdışı diqqət çəkən addım kimi qiymətləndirilir.
30 yaşlı futbolçu mərkəz yarımmüdafiə mövqeyində çıxış edir. Güclü fiziki göstəriciləri, müdafiədəki sərt oyunu və topa nəzarət bacarığı ilə tanınan Bissouma karyerası ərzində İngiltərə futbolunda önəmli təcrübə qazanıb.
Yves Bissouma 2022-ci ildə “Tottenhem” tərəfindən “Brayton” klubundan təxminən 30 milyon funt sterlinq qarşılığında transfer edilmişdi. Bundan əvvəl isə futbolçu Fransanın “Lill” klubunda çıxış edib və göstərdiyi performansla Avropanın aparıcı komandalarının diqqətini çəkib.
Mali millisinin formasını geyinən Bissoumanın növbəti addımı böyük maraqla gözlənilir. "Amedspor"un bu transferi reallaşdırması halında, klub tarixinin ən səs-küylü gedişlərindən birinə imza ata bilər.
