"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım seçki dönəmində azarkeşlərə verdiyi “iki böyük qolçu gətirəcəyəm” vədini yerinə yetirmək üçün hərəkətə keçib. Sarı-lacivərtlilər Vedat Muriqi transferindən sonra ikinci böyük hücumçu üçün də danışıqları yekunlaşdırmağa yaxınlaşıb.
Referans MEDİA xəbər verir ki, İstanbul təmsilçisi Almaniya Bundesliqasında çıxış edən "Borussia Dortmund"un hücumçusu Serhou Guirassini heyətinə qatmaq üçün son mərhələyə çatıb.
Aziz Yıldırımın rəhbərliyi ilə yeni transfer siyasəti həyata keçirən "Fənərbaxça" hücum xəttini Avropa səviyyəli futbolçu ilə gücləndirmək istəyir. Alman mətbuatında yayılan xəbərlərə görə, sarı-lacivərtlilər 29 yaşlı hücumçu ilə ilkin razılığa gəlib.
Klubun "Borussia Dortmund"la apardığı danışıqlarda da böyük irəliləyiş əldə edildiyi və transferin yaxın zamanda tamamlanmasının gözlənildiyi bildirilir.
Məlumata görə, "Fənərbaxça" bu transfer üçün "Borussia Dortmund"a 30 milyon avro bonservis haqqı ödəməyi planlaşdırır. Razılaşmaya əlavə olaraq futbolçunun çıxışına bağlı bonusların da daxil ediləcəyi qeyd olunur.
Bu transfer baş tutacağı təqdirdə, Serhou Guirassi "Fənərbaxça"nın son illərdə etdiyi ən bahalı hücumçu transferlərindən biri olacaq.
Serhou Guirassi ötən mövsüm "Borussia Dortmund" forması ilə diqqətçəkən çıxış edib. Təcrübəli hücumçu bütün turnirlərdə 48 oyunda 22 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Fənərbaxça" rəhbərliyi Guirassinin həm qol keyfiyyəti, həm də Avropa təcrübəsi ilə komandanın hücum gücünü artıracağına inanır.
Aziz Yıldırımın “iki böyük qolçu” vədinin ikinci hissəsi də reallaşarsa, sarı-lacivərtlilər yeni mövsümə iddialı heyətlə başlayacaq.
