"Fənərbaxça" kişi basketbol komandası heyətdə sabitliyi qorumaq istiqamətində mühüm addım ataraq üç basketbolçu ilə müqaviləni yeniləyib.
Referans Media xəbər verir ki, İstanbul təmsilçisi amerikalı oyun qurucu Talen Horton-Taker, italiyalı hücumçu Nikolo Melli və qabonlu mərkəz oyunçusu Kris Silva ilə yeni müqavilə imzalandığını rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, ötən mövsüm Basketbol Super Liqası, Türkiyə Kuboku və Prezidentlik Kubokunun qazanılmasında mühüm pay sahibi olan Talen Horton-Takerin müqaviləsi 2026-2027-ci il mövsümünün sonunadək uzadılıb.
"Fənərbaxça" həmçinin komandanın aparıcı uzunboylu oyunçularından olan Nikolo Melli və Kris Silva ilə də əməkdaşlığı davam etdirmək qərarına gəlib. Klub rəhbərliyi hər iki basketbolçunun komandanın son uğurlarında mühüm rol oynadığını vurğulayıb.
Beləliklə, İstanbul təmsilçisi yeni mövsüm öncəsi heyətin əsas simalarını qoruyaraq iddialı hədəflərini davam etdirmək niyyətini nümayiş etdirib.
