"Fənərbaxça"da mövsüm başa çatmadan ilk ayrılıq qərarı verilib. Sarı-lacivərdli klub mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı Edson Alvarez ilə davam etməmək qərarı alıb.
Referans Media xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi futbolçunun müqaviləsində yer alan satın alma maddəsini aktivləşdirməyəcək. Bu qərarın artıq oyunçuya bildirildiyi qeyd olunur.
Komandanın köməkçi məşqçisi Zeki Murat Göle də məsələ ilə bağlı danışaraq bildirib: “Texniki heyət olaraq qərar verdik və bunu futbolçuya çatdırdıq”.
Edson Alvarez ötən həftə Kadıköydə keçirilən "RAMS Başakşehir" matçının son dəqiqələrində meydana daxil olmuş və oyunsonrası azarkeşlərin sərt reaksiyası ilə qarşılaşmışdı.
Meksikalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla 18 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
