"Fənərbaxça"nın ispaniyalı ulduzu Marko Asensionun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Təcrübəli futbolçuya bu dəfə vətənindən ciddi təklif gəlib.
Referans Media xəbər verir ki, La Liqa təmsilçisi "Espanyol" 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Klubun yeni idman direktoru olan məşhur funksioner Monçi transfer prosesinə şəxsən qoşulub. Bildirilir ki, "Espanyol" rəhbərliyi həm "Fənərbaxça" ilə əlaqə saxlayıb, həm də futbolçunun meneceri ilə görüşərək klubun gələcək layihəsini təqdim edib.
Asensionun xidmətində təkcə "Espanyol" maraqlı deyil. İngiltərə Premyer Liqası, Səudiyyə Ərəbistanı və Qətərdən də bir neçə klubun ispaniyalı futbolçunu yaxından izlədiyi vurğulanır.
Xatırladaq ki, Marko Asensio ötən mövsüm "Fənərbaxça"ya 7,5 milyon avro qarşılığında transfer olunub. Ulduz futbolçu mövsüm ərzində keçirdiyi 38 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə komandasının ən önəmli oyunçularından biri olub.
İspan futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.
