Filippində 7,8 bal gücündə zəlzələ: 3 ölkə üçün sunami xəbərdarlığı EDİLDİ - VİDEO

Filippində baş verən güclü zəlzələ bölgədə təşvişə səbəb olub.

Referans Media xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, Filippinin cənubundakı Mindanao adası yaxınlığında 7,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Sarangani əyalətinin General Santos şəhəri yaxınlığında, təxminən 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən dərhal sonra Filippin, İndoneziya və Yaponiya üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Səlahiyyətli qurumlar sahilyanı ərazilərdə yaşayan sakinləri təcili şəkildə daha hündür ərazilərə təxliyə olunmağa çağırıblar.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) bəzi bölgələrdə dəniz səviyyəsindən 1-3 metr hündürlüyündə sunami dalğalarının yarana biləcəyini açıqlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. Bununla belə, General Santos şəhərində və ətraf yaşayış məntəqələrində bir sıra binalara ziyan dəyib, tikililərdə çatlar əmələ gəlib.

Filippin Prezidenti Ferdinand Markos aidiyyəti qurumlara təxliyə və xilasetmə işlərinə dərhal başlanılması barədə göstəriş verib. O, vətəndaşlara müraciət edərək sunami xəbərdarlıqlarına ciddi yanaşmağı və vaxt itirmədən təhlükəsiz ərazilərə keçməyi tövsiyə edib.

Zəlzələdən sonra İndoneziyanın şimal-şərq sahillərində və Yaponiyanın cənub sahillərində də təhlükəsizlik tədbirləri gücləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki