Son həftələrdə ardıcıl qollarla formaya düşən “Beşiktaş”ın hücumçusu Tammy Abraham İngiltərə klublarının diqqət mərkəzinə düşüb. İngiltərə mətbuatının yazdığına görə, “Aston Villa” yanvar transfer dövründə ulduz forveti yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.
Referans Media xəbər verir ki, Birmingham təmsilçisi Abrahamı Ollie Watkinsə ciddi alternativ kimi görür. Daha əvvəl “Aston Villa” formasını geyinən və komandanın Premyer Liqaya yüksəlməsində mühüm rol oynayan ingilis hücumçunun geri dönüşü real görünür.
Lakin transferin qarşısında ciddi maneələr var. Futbolçunun müqaviləsində 11,2 milyon funt-sterlinqlik məcburi satınalma maddəsi, eləcə də həftəlik 115 min funt maaşı danışıqları çətinləşdirir.
Hazırda Premyer Liqada zirvə yarışında olan “Aston Villa” hücum xəttini gücləndirməklə iddialarını artırmaq niyyətindədir. Bu isə “Beşiktaş” üçün yanvar ayında çətin günlərin yaxınlaşdığına işarə edir.























