Qadınların əmək bazarında daha fəal iştirak etməsi ailədaxili münasibətlərə və ənənəvi ailə rollarına necə təsir göstərir?
Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, qadınların əmək fəaliyyətində məşğul olması normal haldır və cəmiyyətdə çalışan insanların təxminən 40-50 faizini qadınlar təşkil edir.
Onun sözlərinə görə, qadınların işləməsi normal olsa da, onların hansı şəraitdə və necə çalışması həm qadınlar, həm də kişilər üçün önəmli məsələdir.
Qadınların əmək fəaliyyətində müəyyən dinamikanın yaranması ilə yanaşı, kişilərin əmək hüquqlarının qorunması, əmək bazarında müəyyən ləngimələrin və işsizliyin olması da ailədaxili münasibətlərə təsir göstərə bilər.
Sosioloq qeyd edib ki, əmək bazarı ilə bağlı dəyişikliklər ailədə büdcənin formalaşmasına da təsir göstərir. Adətən qadınların və kişilərin hər ikisinin qazanc əldə etdiyi ailələrdə tərəflərin sözünün daha keçərli olması müşahidə olunur. Bununla yanaşı, ənənəvi olaraq kişinin qoruyucu, təminedici və əsas ailə başçısı kimi qəbul edilməsi də nəzərə alınmalıdır.
“Beləliklə, ailədə rollar bəzən transformasiya olunur. Rol bölgüsü, iş bölgüsü və ailədaxili qayğıların bölüşdürülməsi hər iki tərəfin maraqları çərçivəsində həyata keçirilməlidir”, - deyə Naib Niftəliyev bildirib.
O vurğulayıb ki, tərəflərdən birinin əmək bazarında daha çox yer tutması və daha çox qazanması digər tərəfin münasibətlərdə daha çox söz sahibi olmasına, şəraitə daha çox təsir edən tərəfə çevrilməsinə və qarşı tərəfin davranış normalarının dəyişməsinə səbəb ola bilər.
Sosioloqun fikrincə, bu məsələlər daha çox şəxsi keyfiyyətlərdən asılıdır. İnsanın şəxsiyyəti önə çıxırsa və yüksək dəyərlər əsasında formalaşıbsa, onun az və ya çox qazanması, həyat yoldaşının nə dərəcədə qazanc əldə etməsi ikinci dərəcəli məsələdir.
“Düşünürəm ki, az və ya çox qazanmasından asılı olmayaraq, tərəflər şərtlərdə bərabər olmalıdır.
Məsələn, hər hansı xanım bu cəhətdən daha uğurludursa, daha çox qazanırsa, hər bir halda cütlük münasibətlərini və hörməti bərabər səviyyədə qurmağa çalışmalıdır. Kişi də bunu etməlidir. Tərəflər bir-birinə hörmət və anlayışla yanaşmalı, bir-birini dəstəkləməli və tərəflərdən birinin daha çox qazanmasını ailə büdcəsinin möhkəmlənməsi amili kimi qəbul etməlidirlər”, - deyə ekspert əlavə edib.
Naib Niftəliyev bildirib ki, vacib şərtlərdən biri də əldə olunan qazancın hansı mənbədən formalaşması və ailə daxilində müəyyən dəyərlərin qorunub saxlanılmasıdır. Onun sözlərinə görə, qazanc şəffaf gəlirlər hesabına formalaşırsa, müəyyən dəyərlər qorunub saxlanılırsa və ailə daxilində qarşılıqlı anlaşma gözlənilirsə, bu məsələ ciddi problem yaratmır.
“Əks halda, tərəflər öz qazancını bir üstünlük kimi təqdim etməyə çalışırlarsa və yaxud daha çox narsist yanaşmaya meyillənirlərsə, müəyyən qazanc fərqi kişilərin qəlbində mənfi təmayülləri, ailə iqtidarını və hökm etmək istəyini bir qədər artıra bilər”, - deyə sosioloq qeyd edib.
Ekspertin fikrincə, bütün hallarda yaranan təsirlər şəxsin xarakterindən, dünyagörüşündən, şəxsiyyətindən, maddi cəhətdən nə dərəcədə təmin olunmasından, hansı tərbiyə və mühitdə böyüməsindən, ailə münasibətlərinə yanaşmasından və özünü necə ifadə etməsindən əhəmiyyətli dərəcədə asılıdır.
