Lizinqlə avtomobil əldə etmək son illərdə ilkin ödəniş imkanları məhdud olan şəxslər üçün daha əlçatan maliyyə vasitələrindən biri kimi geniş yayılıb. İlk baxışda bu model avtomobil sahibi olmağı asanlaşdırsa da, sonradan bəzi maliyyə və hüquqi risklər ortaya çıxa bilir. Bəs, lizinqlə avtomobil almağın real riskləri nələrdir və vətəndaşlar müqavilə bağlayarkən hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, lizinqlə avtomobil almaq bir çox insan üçün rahat maliyyələşdirmə üsulu hesab edilsə də, qərar verməzdən əvvəl onun real risklərini də nəzərə almaq lazımdır.
"İlk növbədə, lizinq müddəti ərzində avtomobilin hüquqi sahibi siz deyil, lizinq şirkəti olur. Siz avtomobildən istifadə etsəniz də, mülkiyyət hüququ bütün ödənişlər başa çatana qədər şirkətdə qalır. Bu səbəbdən aylıq ödənişlərin gecikdirilməsi cərimələrə, hətta müəyyən hallarda avtomobilin geri alınmasına səbəb ola bilər".
Ekspert bildirib ki, digər vacib məqam ümumi maliyyə yüküdür.
"Aylıq ödənişlər ilk baxışda münasib görünsə də, faizlər, komissiyalar, sığorta və digər əlavə xərclər nəzərə alındıqda avtomobilin yekun dəyəri nağd alışdan daha yüksək ola bilər. Hüquqi sahibin lizinq şirkəti olması sığorta məsələlərinə də təsir edir. Bir çox hallarda lizinq şirkətləri risklərini minimuma endirmək üçün daha geniş təminatlı KASKO sığortası və əlavə sığorta tələbləri irəli sürürlər. Nəticədə sığorta haqları adi avtomobil kreditləri və ya nağd alınmış avtomobillərlə müqayisədə daha yüksək ola bilir".
Onun sözlərinə görə, bəzi şirkətlər sığorta şirkətinin seçimi ilə bağlı da məhdudiyyətlər qoyurlar ki, bu da müştərinin daha sərfəli variant seçmək imkanını azaldır.
"Müqavilə şərtləri də diqqətlə araşdırılmalıdır. Bundan başqa, gəlirin azalması və ya iş yerinin itirilməsi kimi gözlənilməz hallar aylıq ödənişlərin yerinə yetirilməsini çətinləşdirə bilər. Belə vəziyyətlərdə həm artıq ödənilmiş vəsaitin bir hissəsinin itirilməsi, həm də avtomobilin əldən çıxması riski yaranır".
