Real TV-də yeni layihə – Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Azərbaycanda media sahəsində ilk dəfə televiziya, radio və xəbər agentliklərinin rəhbərlərini vahid müzakirə platformasında bir araya gətirəcək layihəyə start verilir.

Referans Media xəbər verir ki, REAL TV-nin yeni layihəsi olan “Media Masası” media sahəsində aktual məsələlərin açıq müzakirəsini hədəfləyir.

Media masasının müəllifi jurnalist Vəfa Həmzəyevadır.

İlk buraxılışın qonaqları Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov olacaq.

Layihənin əsas məqsədi televiziya, yeni media, süni intellekt, informasiya təhlükəsizliyi, sosial şəbəkələrin təsiri, auditoriya etimadı və media gələcəyi ilə bağlı açıq və peşəkar müzakirə platforması yaratmaqdır.

“Media Masası” klassik televiziya müsahibəsi formatından fərqli olaraq interaktiv şəkildə hazırlanıb. Verilişdə media ekspertləri, tələbələr və auditoriyanın sualları ilə yanaşı, sosial şəbəkələr vasitəsilə göndərilən suallar da qonaqlara ünvanlanacaq. Bundan əlavə, küçə sorğularının nəticələri və süni intellekt platformalarının təqdim etdiyi analitik yanaşmalar da müzakirələrin bir hissəsini təşkil edəcək.

Layihənin şüarı: “Media haqqında danışmaq yox, medianın özü ilə danışmaq vaxtıdır.”

Layihənin ilk buraxılışı yaxın günlərdə REAL TV-nin efirində yayımlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki