Yay fəslinin gəlişi ilə əhali adətən mövsümi meyvə və tərəvəzlərin qiymətində kəskin ucuzlaşma gözləyir. İnsanlar havalar isindikcə bağ-bostan məhsullarının bollaşacağını və ciblərinə uyğun olacağını düşünsələr də, bu il tamamilə əks mənzərə ilə qarşılaşıblar.
Paytaxt bazarlarında və marketlərdə mövsüm meyvələrinin baha olması fonunda vətəndaşların narazılıqları və şikayətləri səngimək bilmir. Alıcılar gileylənirlər ki, bol məhsul dövrü başlasa da, qiymətlər hələ də əl yandırır və gözlənilən ucuzlaşma hiss olunmur.
Bəs bazarlardakı bu bahalaşmanın əsl səbəbi nədir? Mövcud vəziyyət qlobal və daxili inflyasiya proseslərinin nəticəsidir, yoxsa son dövrlər Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar və bunun təsərrüfata vurduğu ziyanla bağlıdır?
Tanınmış iqtisadiyyat yazarı Dünya Sakit Musavat.com-a səbəblərdən danışıb: "Meyvələrin bahalaşmasının bir neçə mühüm səbəbi var və bunların başında bazarla istehsalçı arasında formalaşmış vasitəçi və inhisarçı sistem dayanır. Bu, illərdir mövcud olan problemdir. İstehsalçının piştaxtaya yolu bağlıdır. Fermer və ya kəndli öz məhsulunu gətirib böyük bazarlarda sərbəst şəkildə sata bilmir. Sovet dövründə kəndlilər birləşib yük maşını tutar, məhsullarını Bakı və Sumqayıt bazarlarına gətirib özləri satardılar. İndi isə bu sistem yoxdur. Bazarla istehsalçı arasındakı birbaşa əlaqə pozulub. Onların arasında vasitəçilər, vasitəçilərin də üzərində inhisarçı qruplar formalaşıb.
Nəticədə kəndlinin sahədən bir manata satdığı məhsul Bakı bazarlarında ən yaxşı halda iki manat əlli qəpiyə təklif olunur. Əsas problem inhisarçılıqdır. Bu qruplar qiyməti artırmaq üçün yaranan hər bir vəziyyətdən istifadə edirlər. Əgər istehsalçı ilə bazar arasında birbaşa əlaqə olsaydı, bu qədər ciddi qiymət fərqi müşahidə edilməzdi”.
İqtisadiyyat yazarı bildirib ki, qiymət artımında iqlim şəraiti də mühüm rol oynayır: “Mart ayının son həftəsində yağan yağışlar alça və ərik bağlarına böyük ziyan vurdu. Ərik və alça üzrə məhsuldarlıq bəlkə də on dəfə aşağı düşüb. Apreldə yağan yağışlar gilasa zərər verdi. May və iyun aylarında məhsulun yetişmə dövründə yağan dolu isə vəziyyəti daha da ağırlaşdırdı. Bu səbəbdən hazırda bazarda beş manatdan aşağı gilas tapmaq çətindir. Bu yaxınlarda bazara meyvə-tərəvəz almağa çıxmışdım. Keçən il bu vaxtı iki manat qırx-əlli qəpiyə aldığımız albalı indi beş manata satılır”.
Dünya Sakit qeyd edib ki, havaların sərin keçməsi də məhsulun yetişməsini ləngidib: “Normalda Bakı kəndlərində bu vaxta qədər albalı yetişib dərilməli idi. Amma indi həyət evlərinin olduğu küçələrdən keçəndə ağaclardakı məhsulun hələ də tam yetişmədiyini görmək mümkündür. Məhsulun bazara gec və az çıxması da qiymətlərə birbaşa təsir göstərir”.
Müsahibimiz aqrar sığortanın əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, məhsul az olsa belə, kəndli əksər hallarda onu zərərini ödəyəcək qiymətə sata bilmir. Belə vəziyyətdə fermerin zərərini kompensasiya edə biləcək əsas mexanizmlərdən biri aqrar sığortadır: “Azərbaycanda Aqrar Sığorta Fondu fəaliyyət göstərir və dövlət sığorta haqqının 50 faizini qarşılayır. Sığortalama şərtlərini yerinə yetirmək elə də çətin deyil, sığorta haqqı da yüksək deyil. Amma problemlər qalır. Hazırda ölkədə əkin sahələrinin cəmi 30-35 faizi sığortalanıb. Üstəlik, əsas sığortalanma meyvə bağlarında deyil, daha çox dənli bitkilər, pambıq, tütün və digər sahələrdədir. Aqrar Sığorta Fondunun mayın əvvəlindən iyunun əvvəlinədək olan məlumatına görə, fonda yağıntıların vurduğu zərərlə bağlı 35 rayondan 3 min 500-dən çox müraciət daxil olub. Bu müraciətlər 53 min hektar sahəni əhatə edir və bunun 52 min hektarı taxıl sahələri ilə bağlıdır. Meyvəçilik üzrə müraciətlər isə olduqca azdır”.
Dünya Sakit bildirib ki, kiçik və orta istehsalçıların həm ixrac, həm də satış imkanları məhduddur: “İstehsalçı məhsulu özü xaricə, əsasən Rusiya bazarına göndərə bilmir. Kimsə onu almalı, toplamalı və ixrac etməlidir. Böyük istehsalçılardan başqa digərlərinin Rusiya bazarına çıxışı faktiki olaraq bağlıdır. Eyni problem Bakı bazarlarında da mövcuddur.
Fermerlər çox vaxt məhsuldan sığorta haqqını ödəyəcək qədər gəlir əldə edə bilmirlər. Sığorta üçün müəyyən edilmiş bəzi şərtlərin yerinə yetirilməsi də kiçik istehsalçılar üçün çətin olur. Bundan əlavə, maarifləndirmə səviyyəsi aşağıdır. Məsələn, 30 sot torpağı və 10 gilas ağacı olan kəndli çox vaxt bilmir ki, sabah yağış məhsula ziyan vurarsa, sığorta vasitəsilə zərərini kompensasiya edə bilər”.
Dünya Sakit vurğulayıb ki, dünyanın bir çox ölkəsində aqrar sığorta kənd təsərrüfatının əsas təminat mexanizmlərindən biridir: “Azərbaycanda isə sığorta münasibətləri, icbari sığortalar istisna olmaqla, hələ kifayət qədər inkişaf etməyib. Aqrar sığorta isə ümumiyyətlə yeni formalaşan sahədir və tədricən inkişaf edir. Ümid edirik ki, gələcəkdə bu mexanizm bütün istehsalçıları əhatə edəcək və kəndli, fermer, eləcə də ailə təsərrüfatlarının əlverişsiz hava şəraitindən gördüyü zərərlər sığorta tərəfindən qarşılanacaq”.
