Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – hər gün bu saatlarda…

Bloqer Afət Abdullayevanın “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən kəskin narazılığını ifadə etməsi müzakirələrə səbəb olub. O, sosial şəbəkə hesabında paylaşım edərək ictimai nəqliyyatda ciddi problemlərin yaşandığını iddia edib.

Sitat: “Vəziyyət ağırdır. Metropoliten rəhbərliyindən kimsə qatarlardan istifadə edir? Vəziyyətdən xəbərləri var? Beş stansiyadır, haradasa 1 saat 10 dəqiqədir qatar gözləyirik. Gah yarıda düşürür, gah gec-gec gəlir. AYNA-ya nə deyəsən, 10 dəqiqə avtobus gözləyirsən. Avtobusların saylarını çoxaltmaq lazımdır. Arada səlahiyyətli şəxslər nəqliyyat vasitələrindən istifadə etsinlər ki, sıravi şəxslərin nə çəkdiyini görsünlər. Müsahibə verməklə deyil”.

Bəs bu məsələdə məsul şəxslərin, xüsusilə “Bakı Metropoliteni” və AYNA rəhbərliyinin ictimai nəqliyyatdan istifadə etməsi nə dərəcədə vacibdir? Onlar sərnişinlərin gündəlik qarşılaşdığı problemləri yerində görmək və xalqın içində olmaq üçün ictimai nəqliyyatdan daha çox istifadə etməlidirlərmi?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bir saat 20 dəqiqə iddiası müəyyən qədər ciddi suallar doğurur:

“Metro 3 dəqiqə 30 saniyə intervalı ilə işləyən nəqliyyat növüdür. Burada hər hansı gecikmə baş verərsə, bu, bir neçə dəqiqə ilə bağlı ola bilər. Amma söhbətin 1 saat 20 dəqiqədən getməsi ciddi suallar yaradır. Əgər hər hansı gecikmə olubsa, bunun da konkret səbəbi olmalıdır. Ola bilər ki, texniki nasazlıq baş verib. Bununla bağlı konkret hansı gün nəzərdə tutulursa, həmin günlərdə metronun rəsmi açıqlamasının olub-olmadığını da araşdırmaq lazımdır. Yəni bu, ayrıca araşdırılmalı məsələdir. Açığı, səsləndirilən fikrin özü müəyyən suallar doğurur”.

Avtobuslarda gecikmələrə gəldikdə isə, ekspert bildirib ki, bu, yerüstü nəqliyyatla bağlı məsələlərdir:

“Küçələrin bağlanması, eyni vaxtda müxtəlif işlərin aparılması və digər amillər avtobusların hərəkətinə təsirsiz ötüşmür. Düşünürəm ki, yol tikintisi və təmir işlərinin koordinasiyasına, eləcə də işin təşkilinə daha çox diqqət yetirməliyik. Küçələr eyni vaxtda tam bağlanmamalı, işlər mərhələli şəkildə aparılmalıdır. Məsələn, dörd zolaqlı küçədirsə, onun iki zolağında asfaltlama işləri aparılarkən digər iki zolaqda hərəkət təmin edilməlidir. Eyni zamanda svetoforların iş rejimləri də buna uyğun tənzimlənməlidir. Bir istiqamətdə işlər başa çatdıqdan sonra hərəkəti digər istiqamətə yönəldərək qalan iki zolaqda asfaltlama işlərini həyata keçirmək mümkündür. Yəni burada əsas məsələ işlərin mərhələli təşkili və düzgün koordinasiyasıdır. Biz yekun nəticəyə nəqliyyat növləri üzərindən baxırıq, amma problemin səbəbləri heç də həmin nəqliyyat növü ilə bağlı olmaya bilər. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır”.

R.Ağamirzəyev özü də qatardan istifadə etdiyini qeyd edib:

“Son qatarların ayrılması ilə bağlı layihə başladıqdan sonra metro demək olar ki, xeyli boşalıb. Ona görə də hesab edirəm ki, intensiv şəkildə metrodan istifadə etmək lazımdır. Son günlərdə müşahidə etdiyim mənzərə də ondan ibarətdir ki, metro daha intensiv işləyir və əvvəlki ilə müqayisədə daha komfortlu hərəkət təmin olunur”.
Rauf Ağamirzəyev deyib ki, “Bakı Metropoliteni” və AYNA rəhbərləri ictimai nəqliyyatdan istifadə edirlər:
“Tanıdığım metro işçiləri – departament rəhbərləri və digər vəzifəlilər məsələni tam anlamaq, görmək üçün mütəmadi olaraq pik saatlarında qatardan istifadə edirlər. AYNA-dan tanıdığım departament rəhbəri var ki, onlar da ictimai nəqliyyata üstünlük verirlər. Nə qədər intensiv istifadə etmələri ayrı bir mövzudur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki