Türkiyə milli futbol komandası 2026-cı il Dünya Kubokuna hazırlıqlarını davam etdirərkən heyətlə bağlı yeni qərar açıqlanıb.
Türkiye Futbol Federasiyasının yaydığı məlumata görə, yekun 26 nəfərlik heyətə daxil edilməyən Aral Şimşir və Demir Ege Tıknaz ABŞ-yə komanda ilə birlikdə səfər etsələr də, baş məşqçi Vinçenzo Montellanın qərarı ilə Arizona düşərgəsindən ayrılacaqlar.
Referans Media xəbər verir ki, Türkiyə millisinin Dünya Kuboku üçün müəyyənləşdirilmiş 26 nəfərlik rəsmi heyətindən kənarda qalan hər iki futbolçu hazırlıq prosesi boyunca komanda ilə birlikdə çalışırdı.
Lakin məşqçilər korpusunun son qərarından sonra Aral Şimşir və Demir Ege Tıknazın düşərgəni tərk edəcəyi bildirilib.
Ay-ulduzlular Arizona toplanışını başa vurduqdan sonra Kanadanın Vankuver şəhərinə yola düşəcək.
Komanda burada Dünya Kubokundakı ilk oyunun hazırlıqlarını davam etdirəcək.
Son məşqdə futbolçular əvvəlcə fitness zalında çalışıb, daha sonra meydançada sürət və taktiki tapşırıqları yerinə yetiriblər.
Kenan Yıldız isə fərdi proqram üzrə məşqlərini davam etdirib.
Hazırlığın son hissəsində ikitərəfli oyun keçirilib.
Türkiyə millisi Dünya Kubokunun D qrupundakı ilk görüşünü 14 iyun tarixində Avstraliya milli futbol komandasına qarşı keçirəcək.
Qarşılaşma Kanadanın Vankuver şəhərində baş tutacaq.
