Saç nümunəsində kokain testi pozitiv çıxan “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran, bu gün hakim qarşısına çıxacaq.
Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara yönəlmiş narkotik əməliyyatı davam edir.
İstintaq çərçivəsində aparılan testlərdə saç nümunələrində kokain testi pozitiv çıxan Fənərbaxça prezidenti Sadettin Saran saxlanılıb.
Baş Prokurorluq Saranın “narkotik maddə təmin etmək, narkotik istifadəsini asanlaşdırmaq və narkotik istifadə etmək” maddələri ilə saxlanıldığını açıqlayıb. Sadettin Saranın bu gün günorta saatlarında məhkəməyə gətirilməsi gözlənilir.
İstanbul Respublika Baş Prokurorluğundan verilən açıqlamada qeyd olunub:
“Şübhəli Steven Sadettin Saran barəsində aparılan istintaq çərçivəsində əldə olunan əlavə sübutlara əsasən, narkotik maddə təmin etmək, narkotik istifadəsini asanlaşdırmaq və narkotik istifadə etmək ittihamları ilə İstanbul Jandarma Komandanlığı tərəfindən saxlanılıb.”






















