Zeyd Nəsirulla: “Futbol və təhsili bir yerdə aparmaq mümkündür – əsas düzgün planlama və iradədir” backend

 Zeyd Nəsirulla: “Futbol və təhsili bir yerdə aparmaq mümkündür – əsas düzgün planlama və iradədir” 

Almaniyada “Herta Zelendorf” klubunun U-17 komandasında çıxış edən və son mövsümdə göstərdiyi uğurlu performansla Bundesliqa klublarının diqqətini cəlb edən 16 yaşlı azərbaycanlı futbolçu Zeyd Nəsirulla yalnız meydanda deyil, dərs otağında da məsuliyyətli davranışı ilə seçilir. Futboldakı yüksəlişinə baxmayaraq, o, təhsildən geri qalmamağın vacibliyini hər zaman vurğulayır.

“Təhsil mənim üçün prioritetlərimdən biridir”, – deyə Zeyd bildirib. – “Futbol həyatı gözəldir, amma bir gün zədələr və ya başqa amillər karyeranı dayandıra bilər. Bu baxımdan mən hər zaman paralel olaraq təhsilimə də ciddi yanaşıram.”

Hazırda Almaniyada beynəlxalq təhsil proqramı üzrə təhsil alan Zeyd Berlində 10-cu sinifdə oxuyur. Almaniyada təhsil sistemi 12 illikdir və o, 10-cu sinif imtahanlarını uğurla verib. 12-ci sinifə qədər təhsilini davam etdirməyi planlaşdırır. Hal-hazırda da dərslərini davam etdirir. Berlin şəhərində yay tətili 24 iyul 2025 – 6 sentyabr 2025 tarixlərini əhatə etdiyindən, Zeyd hazırda məktəbə gedir və bu dövrdə həm dərs, həm də məşqlərlə məşğuldur.

Zeyd gündəlik rejimini ciddi şəkildə planlaşdırır. Həftə içi hər gün səhər saat 07:00-da dərsə gedir və 15:30-a qədər məktəbdə olur. Təxminən iki saatlıq istirahətdən sonra, saat 18:00-da futbol məşqləri başlayır. Bu sıx qrafikə baxmayaraq, o, həm təhsildə, həm də futbolda yüksək nəticələr əldə etməyə çalışır:

“Günümün böyük hissəsi məşqlər və oyunlarla keçir, amma məktəb tapşırıqları və imtahanlar üçün ayrıca vaxt ayırıram. Bəzən çətin olur, amma məqsəd və planlı çalışma hər şeyi mümkün edir.”

O, valideynlərinin və müəllimlərinin dəstəyi ilə bu yükün öhdəsindən gəldiyini vurğulayır. Onların motivasiyası və başa düşən yanaşması Zeydin həm meydanda, həm də təhsil sahəsində uğur qazanmasına imkan yaradır.

“Gənc futbolçulara demək istərdim ki, təhsildən uzaq düşmək olmaz. Hər ikisini bir yerdə aparmaq çətin olsa da, mümkündür. Təhsil mənə düşünmə bacarığı, qərarvermə sürəti və məsuliyyət hissi qazandırır – bu keyfiyyətlər isə meydanda da çox işə yarayır,” – deyə o əlavə edib.

Zeyd Nəsirulla bu mövsüm üçün bir neçə Bundesliqa klubunun təklifinə baxmayaraq, daha yüksək fiziki və psixoloji inkişaf üçün Regional Liqada çıxış edən U-19 komandasında qalmağı seçib. Onun bu qərarı yalnız futbol yox, həm də ümumi inkişafına verdiyi önəmin göstəricisidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki