Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində saxta spirtli içkilərlə bağlı istehlakçıları diqqətli olmağa çağırır.
Bayram günlərində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları diqqətli olmağa çağırır.
Agentlikdən bildirilir ki, qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür.
Çox təəssüf ki, gizli və qapalı məkanlarda kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasından çox vaxt bu fəaliyyətin qarşısını almalı olanlar məlumatlı olsalar da heç bir ölçü götürmürlər. Bu müəssisələr satışı həyata keçirənlərlə, istehlakçılarla əlaqədə olduğuna görə onların əməli gizli qala bilməz. Deməli, bunu gizlədən maraqlı qüvvələr var. Hər şeyi vətəndaşın öhdəsinə buraxmaq olmaz. Məgər AQTA, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bundan xəbərdar deyil? İctimai nəzarət olmalıdır. Amma dövlət nəzarəti ona ümid etməməlidir. Hərə öz işini vicdanla görsə, yaxşı olar.
Bir çox şadlıq evində mənşəyi məlum olmayan alkoqol, limonad, qazlı və qazsız sular, şirələr görürük. Adlarını çəkdiyim təşkilatların əməkdaşları bunları bilmir? Axı bunlar ki gizli deyil, aşkar şəkildə toylarda təqdim olunur.
Belə hallar həm istehlakçının hüquqlarının kobud şəkildə pozulması, həm də birbaşa insan sağlamlığına qarşı yönəlmiş təhlükədir.
