İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" CIF markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar və ya 2,5 faiz azalaraq bir barel üçün 98,01 dollara düşüb.
Referans Media xəbər verir ki, bazar mənbələrinin verdiyi məlumata görə, analoji ucuzlaşma digər marşrutlarda da qeydə alınıb.
Belə ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" FOB markalı xam neftin qiyməti 2,49 dollar və ya 2,5 faiz azalaraq 95,89 dollara enib. Dünya bazarında digər aparıcı neft markalarının da qiymətində geriləmə müşahidə olunub; "Urals" markalı xam neftin qiyməti əvvəlki göstəriciyə nisbətən 3,09 dollar və ya 4,2 faiz azalaraq bir barel üçün 70,78 dollara, Şimal dənizində hasil edilən "Dated Brent" markalı xam neftin bir barelinin qiyməti isə 3,24 dollar və ya 3,3 faiz ucuzlaşaraq 93,56 dollara düşüb.
Qeyd edək ki, mövcud enişlərə baxmayaraq, xam neftin hazırkı satış qiyməti Azərbaycanın 2026-cı il dövlət büdcəsində proqnozlaşdırılan orta hesabla bir barel üçün 65 dollarlıq hədəfdən hələ də xeyli yuxarıdır.
