ABŞ və İran arasında ilkin sülh razılaşmasının əldə olunması dünya enerji bazarlarında kəskin reaksiyaya səbəb olub. Xəbərin yayılmasından dərhal sonra neft qiymətləri son üç ayın ən aşağı səviyyəsinə enib. Brent markalı neftin qiyməti 4 faizdən çox ucuzlaşaraq 83 dollar ətrafına düşüb, WTI markası isə 80 dollar səviyyəsinə geriləyib.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bazarların nikbinliyi reallıqla tam üst-üstə düşmür. Reuters-in “Morning Bid” podkastında qeyd olunur ki, Hörmüz boğazının yenidən açılması “bir düyməni basmaqla” baş verəcək proses deyil. Hətta siyasi razılaşma qüvvəyə minsə belə, neft və qaz tədarükünün əvvəlki səviyyəyə qayıtması üçün aylar lazım ola bilər.
Beynəlxalq mediada gedən təhlillərin özəti olaraq bildirir ki, müharibə dövründə zədələnmiş logistika zəncirləri, tanker marşrutlarının dəyişdirilməsi, sığorta problemləri və enerji infrastrukturlarına dəyən zərər bazarda təklif çatışmazlığının davam etməsinə səbəb olacaq. Buna görə də neft qiymətlərinin bugünkü enişi uzunmüddətli sabitlik anlamına gəlmir.
Reuters-in məlumatına görə, ABŞ və İran arasında əldə olunan razılaşma Hörmüz boğazının mərhələli şəkildə açılmasını nəzərdə tutur. Bununla belə, ekspertlər tam bərpanın 2027-ci ilə qədər uzana biləcəyini istisna etmirlər. Hətta bəzi hesablamalara görə, dünya bazarında enerji qıtlığı riski 2026-cı ilin sonunadək qalacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş qaz ticarətinin ən mühüm marşrutlarından biridir. Münaqişə başlamazdan əvvəl qlobal neft axınının təxminən beşdə biri bu boğazdan keçirdi. Buna görə də burada baş verən hər hansı dəyişiklik dünya enerji bazarlarına və qiymətlərə birbaşa təsir göstərir.
Beləliklə, bazarlar hazırda sülh razılaşmasını alqışlayır və neft ucuzlaşır. Amma enerji sektorunda fəaliyyət göstərən aparıcı analitiklərin fikrincə, əsas sual artıq razılaşmanın imzalanması deyil, Hörmüz boğazında neft axınının nə vaxt tam normallaşacağıdır.//Musavat.com
