"Trabzonspor" gənc futbolçusu Krist İnao Oulainin İtaliya A Seriyası təmsilçisi "Fiorentina"ya transferi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Bordo-mavili klub bu satışdan bonuslarla birlikdə 30 milyon 61 min avro gəlir əldə edəcək.
Referans MEDİA xəbər verir ki, "Trabzonspor"un İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərdiyi açıqlamada, Oulainin "Fiorentina"ya qəti transferi ilə bağlı razılaşmanın əldə olunduğu bildirilib.
Razılaşmaya əsasən, Türkiyə klubu futbolçunun transferindən 26 milyon avro zəmanətli ödəniş, 4 milyon 61 min avro şərtə bağlı bonuslar olmaqla ümumilikdə 30 milyon 61 min avro qazanacaq.
Bundan əlavə, müqaviləyə xüsusi maddə də daxil edilib. Belə ki, Oulai gələcəkdə başqa kluba transfer olunarsa, həmin satışdan əldə ediləcək xalis gəlirin 10 faizi Trabzonspora ödəniləcək.
Gənc futbolçu ötən mövsüm nümayiş etdirdiyi performansla Avropanın bir sıra klublarının diqqətini çəkmişdi. "Fiorentina" ilə baş tutan bu transfer "Trabzonspor" tarixində ən yüksək məbləğli satışlardan biri kimi qeydə alınıb.
Bordo-mavili klub bu satışla həm rekord gəlir əldə edib, həm də gələcək transferlərdən əlavə qazanc imkanını qoruyub.
