Pavloviç bombası: "Milan"ın ulduzu Süper Liqaya gəlir?

İtaliya Serie A təmsilçisi "Milan"da çıxış edən Strahinya Pavloviç ilə bağlı transfer iddiaları gündəmi zəbt edib. Müdafiə xəttində göstərdiyi performansla diqqət çəkən serbiyalı futbolçunun mövsümün sonunda komandadan ayrılması ehtimalı yüksək qiymətləndirilir.

Referans Media xəbər verir ki, "Milan"ın uğursuz mövsüm keçirməsi və Çempionlar Liqasına vəsiqə qazana bilməməsi sonrası klub daxilində ciddi dəyişikliklər gözlənilir. Bu çərçivədə bir neçə futbolçunun gələcəyi sual altına düşüb.

Məlumata görə, Pavloviç də ayrılma ehtimalı olan adlar sırasındadır. 25 yaşlı müdafiəçi bu mövsüm "Milan" forması ilə 38 oyuna çıxaraq 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfer yarışında isə Türkiyənin iki nəhəngi ön plana çıxır. "Qalatasaray" və "Fənərbaxça" futbolçunu yaxından izləyən klublar arasında göstərilir. Hər iki komandanın müdafiə xəttini gücləndirmək üçün ciddi büdcə ayırmağa hazır olduğu bildirilir.

Bununla yanaşı, İngiltərənin "Mançester Yunayted" klubunun da Pavloviç üçün hərəkətə keçdiyi iddia olunur.

Cari bazar dəyəri təxminən 35 milyon avro olan 1.94 metr boyundakı müdafiəçinin 2028-ci ilə qədər "Milan"la müqaviləsi mövcuddur. Transferin necə nəticələnəcəyi isə qarşıdakı həftələrdə bəlli olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki