Pekindən Vaşinqtona mesaj: Çin qırıcıları və hərbi gəmiləri səfərbər oldu

Yaxın Şərqdə ABŞ və İsrail ilə İran arasında gərginliyin davam etdiyi bir vaxtda, Asiya-Sakit okean regionunda da diqqətçəkən hərbi hərəkətlilik yaşanıb. Çin ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi patrul həyata keçirib.

Referans Media xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, Çinə məxsus 26 döyüş təyyarəsi və 7 hərbi gəmi ada ətrafında patrul fəaliyyəti aparıb. Təyyarələrdən 16-sı Tayvanın hava hücumundan müdafiə tanıma zonasına (ADIZ) daxil olub.

Bundan sonra Tayvan ordusu hava və dəniz qüvvələrini hərəkətə gətirərək Çin hərbi vasitələrini izləməyə başlayıb. Regiondakı bu hərbi aktivlik Tayvan boğazı ətrafında gərginliyin yenidən artdığı kimi qiymətləndirilir.

Pekindən həm Tayvana, həm də ABŞ-a mesaj

Ekspertlər hesab edir ki, Pekin bu cür hərbi fəaliyyətlərlə bir neçə istiqamətdə mesaj verməyə çalışır. Bir tərəfdən Çin rəhbərliyi Tayvan hakimiyyətinə mümkün müstəqillik addımlarına qarşı hərbi gücünü xatırladır, digər tərəfdən isə adanın hava müdafiə sistemlərini daim yüksək hazırlıq vəziyyətində saxlamağı hədəfləyir.

Analitiklərə görə, bu addım eyni zamanda ABŞ üçün də güc nümayişi kimi qiymətləndirilir. Pekin Vaşinqtonun Tayvana siyasi və hərbi dəstəyinə etiraz etdiyini və Tayvan boğazı üzərində təsir zonasını vurğulamaq istədiyini göstərir.

Bundan əlavə, Çin bu cür hərbi əməliyyatlarla region ölkələrinə – Yaponiya, Filippin və Cənubi Koreya kimi dövlətlərə də hərbi potensialını nümayiş etdirməyə çalışır.

Tayvan–Çin münaqişəsinin tarixi

Çin ilə Tayvan arasında gərginlik müasir beynəlxalq siyasətin ən həssas məsələlərindən biri hesab olunur. Pekin Tayvanı öz ərazisinin bir hissəsi sayır və adanın bir gün materikə birləşdirilməli olduğunu bildirir. Bu mövqe “Tək Çin” siyasətinə əsaslanır.

Münaqişənin kökü 1949-cu ildə Çin vətəndaş müharibəsinin nəticələrinə gedib çıxır. Həmin dövrdə Mao Zedong rəhbərliyindəki kommunist qüvvələr materik Çində hakimiyyətə gəlib, milliyyətçi hökumət isə Tayvana çəkilib. O vaxtdan bəri Pekin Tayvanı “ayrılıqçı ərazi” hesab edir, Tayvanda isə bir çox siyasi qüvvə adanın müstəqil kimliyinin qorunmasını müdafiə edir.

ABŞ-ın Tayvana dəstəyi

Gərginliyin mühüm tərəflərindən biri də ABŞ-ın Tayvana göstərdiyi dəstəkdir. ABŞ rəsmi olaraq Tayvanı müstəqil dövlət kimi tanımasa da, Tayvanla Münasibətlər Aktı çərçivəsində adaya müdafiə sahəsində yardım göstərir və onun özünü müdafiə etmə qabiliyyətini qorumasını dəstəkləyir. Bütün bunlar Pekin və Vaşinqton arasında tez-tez diplomatik gərginlik yaradır. Çin ABŞ-ın Tayvana silah satmasını və siyasi əlaqələrini suverenliyin pozulması kimi qiymətləndirir.

Ekspertlərin fikrincə, Tayvan boğazı həm də qlobal ticarət və texnologiya üçün strateji əhəmiyyət daşıyır. Dünyada yarımkeçiricilərin böyük hissəsi Tayvanda istehsal olunur və bu bölgədə mümkün münaqişə qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki