"Qalatasaray" qiyməti açıqladı: Osimhen üçün rekord məbləğ tələb olunur

Nigeriya millisinin baş məşqçisi Erik Şellenin açıqlamaları Viktor Osimhenin transferi ilə bağlı iddiaları daha da gücləndirib.

Referans Media xəbər verir ki, mütəxəssis ulduz hücumçunun Polşa və Portuqaliya ilə keçiriləcək yoldaşlıq oyunları üçün milli komandanın heyətinə daxil edilmədiyini bildirib. Şelle bunu futbolçunun mümkün transfer danışıqları ilə əlaqələndirib.

Onun sözlərinə görə, Osimhen hazırda karyerası ilə bağlı vacib qərar mərhələsindədir və bu səbəbdən diqqətinin tam şəkildə milli komandanın düşərgəsində olmadığı düşünülüb.

Bu açıqlamadan sonra Avropa mediasında yayılan xəbərlərdə İngiltərə nəhəngi "Çelsi"nin nigeriyalı forvardı heyətinə qatmaq üçün hərəkətə keçdiyi iddia olunub. Məlumatlara görə, London təmsilçisi yay transfer pəncərəsində rəsmi təklif hazırlayır.

Digər tərəfdən, "Qalatasaray" rəhbərliyinin Osimhenlə bağlı mövqeyinin sərt olduğu bildirilir. İddialara əsasən, İstanbul klubu futbolçunun transferi üçün 150 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyi düşünmür.

Avropanın aparıcı klublarının maraq dairəsində olan Viktor Osimhenin gələcəyi futbol ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. Əgər transfer 150 milyon avro səviyyəsində reallaşarsa, bu, Türk futbolu tarixinin ən bahalı satışlarından biri kimi yadda qala bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki