Okan Buruk Türkiyə Futbol Federasiyasının yeni legioner qaydalarını kəskin tənqid edib. Təcrübəli mütəxəssis bildirib ki, tətbiq olunan məhdudiyyətlər Avropada uğur qazanmaq istəyən klubların transfer imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Referans Media xəbər verir ki, "Qalatasaray"ın rəsmi YouTube kanalına danışan Buruk qeyd edib ki, yeni qaydalar qüvvədə qalsa, klubun dünya səviyyəli futbolçuları transfer etməsi çətinləşəcək.
Onun sözlərinə görə, ötən mövsüm heyətə qatılan Leroy Sané kimi bir oyunçu ilə indi müqavilə bağlamaq mümkün olmayacaq:
“Keçən il Leroy Saneni transfer etdik. İndi eyni fürsət yaransa, onu heyətə qata bilmərik. Buna görə də Çempionlar Liqasında iddialı olan komandalar üçün bu qərar məntiqsizdir. Burada vizyonsuzluq var. Ümid edirəm ki, qərara yenidən baxılacaq.”
Buruk mövsümün ən vacib qarşılaşmasının öz meydanlarında 3:0 hesabı ilə qalib gəldikləri "Fənərbaxça" oyunu olduğunu vurğulayıb.
Onun sözlərinə görə, həmin qələbədən sonra çempionluq yolunda böyük üstünlük əldə etdiklərinə əmin olublar.
Məşqçi həmçinin azadlığa buraxılan Erden Timur barədə də fikirlərini bölüşüb: “Bu gün bizim üçün daha bir sevindirici hadisə yaşandı. Erden Timurun azadlığa buraxılması hamımızı sevindirdi.”
Okan Buruk yeni mövsümün daha çətin keçəcəyini desə də, komandasına inamını ifadə edib: “Dörd ildir bizi dayandıra bilmirlər. Ümid edirəm ki, beşinci ildə də bunu bacarmayacaqlar. Heç kim bizi dayandıra bilməz.”
