“Qarabağ”ın mövsümlərarası fasilədə heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.
Referans Media xəbər verir ki, Kiprin “Omoniya” klubunun vingeri Jali Muaddib Azərbaycan çempionu ilə anlaşıb. Bu barədə “Iamsport” məlumat yayıb.
Muaddib Azərbaycan çempionuna azad agent kimi keçəcək. Çünki onun “Omoniya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək.
Kipr mətbuatı tərəflərin 3+1 illik müqavilə ətrafında anlaşdıqlarını iddia edir.
Qeyd edək ki, Muaddib bu mövsüm “Omoniya”nın heyətində 25 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 375 min avro olaraq qiymətləndirilir.
O, Kipr klubundan başqa Rumıniyanın “Botoşani”, Fransanın aşağı liqalarında “Lill B”, “Anje B” və “Avoş” klublarında oynayıb. Jali 2019-cu ildə Fransanın U-19 yığmasının heyətində çıxış edib və 3 oyunda 1 qol vurub.























