"Qalatasaray"a kirayə əsasında göndərilən Nikolo Zaniolo ilə bağlı İtaliyadan diqqətçəkən xəbər gəlib. "Udineze Kalçio" forması geyinən İtalyan futbolçu klubla yollarını ayırdığını açıqlayıb.
Referans Media xəbər verir ki, "Udineze" rəhbərliyi Zaniolonun satınalma opsiyasını aktivləşdirməyib. Bu qərardan sonra futbolçunun “sarı-qırmızılar”a geri dönməsi gündəmə gəlib.
Zaniolo sosial şəbəkə hesabında etdiyi emosional paylaşımda "Udineze" dövrünü yüksək qiymətləndirib və klub azarkeşlərinə təşəkkür edib. O, burada keçirdiyi müddətin həm futbol, həm də şəxsi həyat baxımından xüsusi olduğunu vurğulayıb.
Mövsüm ərzində "Udineze" forması ilə 34 rəsmi oyuna çıxan 26 yaşlı futbolçu 6 qol və 6 asistlə yadda qalıb.
Transfer şərtlərinə görə, "Udineze" futbolçunu ya 10 milyon avro qarşılığında birdəfəlik transfer etməli, ya da 5 milyon avro + sonrakı satışdan 50% pay variantını seçməli idi. Lakin bu imkanlardan istifadə olunmayıb.
Bu inkişafdan sonra Zaniolonun yenidən "Qalatasaray" heyətinə qayıtması ehtimalı güclənib. Son qərarın yaxın günlərdə verilməsi gözlənilir.
