Türkiyənin məşhur müğənnisi, meqastar Tarkan iyunun 5-də Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Referans Media Sfera.az-a istinadən xəbər verir ki, konsert “Koç Holding”in 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində baş tutacaq.
Uzun müddətdən sonra yenidən Ankara tamaşaçıları ilə görüşəcək sənətçinin konserti böyük maraqla gözlənilir. Tədbir öncəsi təşkilatçılar tərəfindən pərəstişkarlar üçün xoş xəbər də açıqlanıb.
Bildirilib ki, iyunun 2-də məhdud sayda pulsuz konsert biletləri ictimaiyyət üçün istifadəyə veriləcək. Biletlərin onlayn platforma üzərindən paylanacağı və yüksək tələbat səbəbindən qısa müddətdə tükənə biləcəyi qeyd olunub.
Təşkilatçılar konsertdə iştirak etmək istəyən vətəndaşlara virtual növbə sistemini diqqətlə izləməyi və biletləri əldə etmək üçün vaxtında müraciət etməyi tövsiyə ediblər.
Qeyd edək ki, Tarkanın Ankarada keçirəcəyi bu konsertin minlərlə musiqisevəri bir araya gətirəcəyi gözlənilir. Tədbir Türkiyədə ilin ən çox maraq doğuran musiqi tədbirlərindən biri hesab olunur.
