Texnoloji yeniliklərdən istifadə edərkən şəxsi məlumatlarımızı NECƏ QORUMALIYIQ?backend

Texnoloji yeniliklərdən istifadə edərkən şəxsi məlumatlarımızı NECƏ QORUMALIYIQ?

Ötən günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat verib ki, qurum tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir. Belə ki, Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Ümumiyyətlə texnoloji yeniliklərdən istifadə zamanı şəxsi məlumatların qorunması üçün nələrə riayət etməliyik? Hər bir internet istifadəçisi bu mənada hansı qaydaları bilməlidir ki, nəticədə onun şəxsi məlumatları oğurlanmasın və əlavə problemlərlə üzləşməsin?

Mövzu ilə bağlı İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə mütəxəssis Rəşad Zərvəliyev Referans- a açıqlamasında bildirib ki, texnologiya həyatımıza rahatlıq gətirsə də, yanlış istifadə və ya laqeyd yanaşma ciddi təhlükələrə yol aça bilir. Evdə və ya işdə istifadə etdiyimiz videomüşahidə kameraları, ağıllı cihazlar (smart cihazlar), hətta Wi-Fi modemlər belə, düzgün qorunmayanda kənardan müdaxilələrə açıq ola bilər. İnternetə qoşulan hər bir cihaz – istər telefon, istər kamera, istər televizor – bizim haqqımızda məlumat toplaya bilər. Bu məlumatın başqa əllərə keçməməsi üçün bir az diqqətli olmalı, texnologiyanı tanımalı və təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl etməliyik. Kənar müdaxilələrin qarşısını almaq üçün ilk növbədə istifadəçilər öz texnoloji cihazlarına bir qədər diqqətlə yanaşmalıdırlar. Cihazlar quraşdırıldıqdan sonra standart şifrələrlə işlək vəziyyətdə saxlanılmamalıdır. Təəssüf ki, bir çox insan ya şifrəni ümumiyyətlə dəyişmir, ya da çox sadə, asan tapılan kombinasiya seçir. Halbuki güclü, mürəkkəb və təkrar olunmayan şifrələr istifadə etmək şəxsi məlumatların qorunması baxımından vacib addımdır.

Rəşad Zeyvəliyev bundan əlavə onu da bildirib ki,  istifadə olunan cihazların proqram təminatları da mütəmadi olaraq yenilənməlidir. Çünki köhnə versiyalar kibertəhdidlərə qarşı zəifliklər daşıya bilər. Kameraların və digər ağıllı cihazların internetə birbaşa çıxış imkanları isə minimuma endirilməli, əgər uzaqdan qoşulma zəruridirsə, daha təhlükəsiz yollar məsələn, VPN vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, istifadəçilər aldıqları texniki avadanlıqların keyfiyyətinə və istehsalçı şirkətə də diqqət yetirməlidirlər. Tanınmamış və ya çox ucuz məhsullar tez-tez zəif təhlükəsizliklə gəlir və risk yarada bilər.

“Əsas məsələ isə budur ki, texnologiyadan istifadə edərkən məlumatların necə işlədiyini, cihazların necə işlədiyini minimum səviyyədə də olsa başa düşmək lazımdır. Çünki texnologiya nə qədər inkişaf etsə də, onun təhlükəsizliyi istifadəçinin məsuliyyətindən başlayır”, – deyə müsahibimiz qeyd edib.

Məmmədov Hüseyn

Referans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki