Azərbaycanda
ali təhsil alan tələbələrin 51.2 faizini qızlar təşkil edir.
Bu
barədə Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov
məlumat verib. O, bu fikirləri Laçında keçirilən ECO Qadınlar Forumu çərçivəsində
baş tutan “İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu” adlı
panel sessiyada çıxışı zamanı səsləndirib.
Təhsil
eksperti Elşən Qafarov Referans-a açıqlamasında bu göstərici ilə bağlı danışıb.
“Ümumiyyətlə,
Azərbaycanda əhalinin say nisbəti də kişilərin sayı 51, qadınların sayı isə 49
faiz təşkil edir. Ümumilikdə, ölkədə hər 100 nəfərdən cəmi 20 nəfər ali təhsil
alır ki, bu, olduqca aşağı göstəricidir. Son onillikdə qadınların cəmiyyətdə
mövqeyini – istər sosial, istərsə də iş həyatında mövqeyinin artması qadınlar
arasında təhsilə meyilliliyi daha çox artırmaqdadır. Nəticə etibarı ilə ali təhsil
müəssisələrinə qəbulda da bu özünü göstərir. Amma mən düşünmürəm ki, oğlanların
sayı azdır. Hətta deyə bilərik ki, elə də böyük fərq yoxdur”.
Ekspert
qeyd edib ki, bir çox ölkələrin statistikasına nəzər salsaq, eyni rəqəmlərdə kəskin
fərqlər görə bilərik. Amma Azərbaycanda qorxuducu fərq yoxdur.
“Azərbaycanda
təhsil alan qızların sayının çox olması qürurverici və sevindiricidir. Ömər
Faiq Nemanzadənin də dediyi kimi “Bir kişinin təhsil alması bir nəfərin təhsil
alması deməkdir. Amma bir qadının təhsil alması isə bütün ailənin təhsil alması
deməkdir”. Azərbaycan xanımının təhsilli olması millət, xalq üçün gələcəkdə
daha intellektual səviyyəli, bilikli övladların, vətəndaşların yetişməsi deməkdir.
Ona görə də bu göstərici istənilən halda müsbətdir. Hətta bu rəqəmin daha çox
olmasını istərdim”.
Fidan
Vəlisoy