TFF üçün kritik tarix açıqlandı: İtaliya matçından sonra nə baş verəcək?

Türkiyə futbolunda “Hakimlər işi” üzrə araşdırmanın əks-sədası davam edərkən Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Referans Media xəbər verir ki, jurnalist Haluk Yürekli TFF-nin növbədənkənar seçkiyə getməyə hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, federasiyanın seçki ilə bağlı qərarı Türkiyə millisinin İtaliya ilə keçirəcəyi oyundan sonra açıqlana bilər.

Türkiyə futbolunda hakimlərlə bağlı araşdırma genişlənməkdədir. MHK sədri Ferhat Gündoğdunun saxlanılmasından sonra Super Liqa hakimi Yasin Kol barəsində də saxlanılma tədbiri görülüb. Federasiyada baş verən bu hadisələrin fonunda jurnalist Haluk Yürekli TFF rəhbərliyinin növbədənkənar seçki qərarı verə biləcəyini irəli sürüb.

Haluk Yüreklinin yaydığı məlumata görə, TFF üçün kritik tarix Türkiyə millisinin İtaliya ilə keçirəcəyi qarşılaşmadan sonrakı dövrdür. Türkiyə UEFA Millətlər Liqasında oktyabrın 5-də səfərdə İtaliya ilə üz-üzə gələcək. Jurnalist federasiyanın məhz bu qarşılaşmadan sonra növbədənkənar seçki qərarı almasının gözlənildiyini bildirib.

Qeyd edək ki, TFF tərəfindən hazırda növbədənkənar seçki keçirilməsi ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki