Türkiyə futbolunda gündəmi silkələyən iddialar: Hakimlərin taleyini kim müəyyənləşdirirdi?

Türkiyədə Mərkəzi Hakimlər Komitəsi (MHK) ilə bağlı aparılan araşdırmada keçmiş hakim və müşahidəçilərin ifadələri ortaya çıxıb.

Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosunun apardığı araşdırma çərçivəsində keçmiş müşahidəçi Taner Gizlenci, keçmiş hakimlər Emre Altun və Süleyman Abayın ifadələri iş materiallarına daxil edilib. İfadələrdə 2022 və 2024-cü illərdə hakimlərin təsnifat siyahılarının qanunsuz şəkildə dəyişdirildiyi, bəzi hakimlərin əsaslandırma olmadan siyahıdan çıxarıldığı və hakim təyinatları sisteminə kənar müdaxilələrin olduğu iddia edilib.

Üç şəxsin ifadələrində ortaq məqam kimi onların müəyyən qarşılaşmalarda fəaliyyət göstərdikdən illər sonra eyni vaxtda siyahıdan çıxarılmaları ilə bağlı iddialar önə çıxıb.

Keçmiş müşahidəçi Taner Gizlenci 2015-ci ildə çalışdığı qarşılaşmalardan birində hakimlərə aşağı bal verməsi istiqamətində təzyiq göstərildiyini iddia edib. Gizlenci bu tələbi qəbul etmədiyini və tərəfsiz hesabat hazırladığını bildirib. O, illər sonra siyahıdan çıxarılmasının həmin hadisə ilə əlaqəli ola biləcəyini irəli sürüb.

Keçmiş hakim Emre Altun isə hakimlik etdiyi qarşılaşmalardan birindən sonra hakim briqadası ilə birlikdə stadionun çıxışında qaldıqlarını, polis və yanğınsöndürənlərin köməyi ilə ərazidən çıxa bildiklərini söyləyib. Altun həmin dövrdə oyunlarda görev alan bəzi əməkdaşların sonradan kollektiv şəkildə təsnifatdan çıxarıldığını iddia edib. Keçmiş hakim Süleyman Abay isə 2015-ci ildə keçirilən bir qarşılaşmadan sonra özü də daxil olmaqla təxminən 20 hakim və müşahidəçi barədə əsassız iddialarla cinayət şikayəti verildiyini bildirib. Onun sözlərinə görə, həmin iş üzrə təqibə xitam verilib. Abay 2024-cü ildə siyahıdan çıxarılan şəxslərin böyük hissəsinin məhz həmin dövrdə fəaliyyət göstərən hakim və müşahidəçilərdən ibarət olduğuna diqqət çəkib.

İfadələrdə 2022-ci il və 2024-2025-ci il mövsümünün əvvəlində baş verdiyi bildirilən iki ayrı prosesə diqqət çəkilib. Taner Gizlenci və Süleyman Abay 2022-ci ildə Ferhat Gündoğdunun MHK sədri olduğu dövrdə mövsüm davam edərkən vəzifədən uzaqlaşdırıldıqlarını bildiriblər. Onların sözlərinə görə, Arbitraj Şurasına etdikləri müraciətlər qəbul edildikdən sonra yenidən vəzifələrinə qaytarılıblar. Bundan sonra isə Gündoğdunun vəzifəsindən ayrıldığı bildirilib. 2024-2025-ci il mövsümündə isə bəzi hakim və müşahidəçilərin əvvəlcə açıqlanan siyahıda yer aldıqları və seminarlarda iştirak etdikləri, daha sonra yayımlanan ikinci siyahıda isə əsaslandırma göstərilmədən heyətdən çıxarıldıqları iddia olunub. Emre Altun bu proses zamanı MHK təlimatında dəyişiklik edilmədən 13 hakim və 6 müşahidəçinin siyahıdan çıxarılmasının qaydalara zidd olduğunu irəli sürüb. Süleyman Abay isə məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çıxardığını bildirib.

Araşdırmada ən diqqətçəkən iddialardan biri Emre Altunun Futbol İdarəetmə Sistemi (FYS) üzərindən həyata keçirilən hakim təyinatlarına müdaxilə edildiyi barədə ifadəsidir.Altunun sözlərinə görə, normal şəraitdə hakim təyinatları xal, qarşılaşmanın çətinlik səviyyəsi və komandaların əvvəlki oyunları kimi meyarlar əsasında sistem tərəfindən avtomatik həyata keçirilir. O, bəzi hallarda rəhbərlikdən verilən göstərişlər əsasında sistemə müdaxilə edilərək təyin olunan hakimlərin dəyişdirildiyini iddia edib.

Altun bu müdaxilələrin FYS-in log qeydləri vasitəsilə müəyyənləşdirilə biləcəyini və rəqəmsal izlərin araşdırılmasının vacib olduğunu bildirib.

O həmçinin MHK-nin təlimata əsasən 9 nəfərdən ibarət olmalı olduğunu, lakin ifadə verdiyi tarixdə komitənin 7 nəfərlə fəaliyyət göstərdiyini qeyd edib və qəbul edilən qərarların qaydalara uyğunluğunun araşdırılmasını istəyib.

Süleyman Abay 2022 və 2024-cü illərdə həyata keçirildiyini iddia etdiyi siyahı dəyişikliklərinin arxasında Ahmet Şahinin dayandığını iddia edib. Abay Şahinin səfərlərinin və görüşlərinin araşdırılmasını tələb edib. O, MHK sədri Ferhat Gündoğdu ilə şəxsi probleminin olmadığını, Gündoğdunun başqa şəxslər tərəfindən yönləndirilmiş ola biləcəyini irəli sürüb.

Emre Altun isə siyahıdan çıxarılan yüksək kateqoriyalı hakim və müşahidəçilərin Super Liqa və UEFA təyinatlarından məhrum edilməsi səbəbindən mövsüm ərzində milyonlarla lirə maddi itki ilə üzləşdiklərini bildirib.

Araşdırmada hansı məsələlər yoxlanılacaq?

Araşdırma çərçivəsində 2022 və 2024-cü illərdəki klasman siyahılarında dəyişikliklərin səbəblərinin, ilkin və sonrakı siyahılar arasındakı göstəriş zəncirinin, Futbol İdarəetmə Sisteminə aid rəqəmsal logların, MHK iclaslarının protokollarının və Tahkim Kurulu üzrə sənədlərin araşdırılması gözlənilir.

Qeyd olunan məqamlar hazırda araşdırma çərçivəsində irəli sürülmüş ifadə və iddialardır. Onların hüquqi qiymətləndirilməsi istintaqın nəticələrindən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki