Trampın Hörmüz qərarı bazarı silkələdi: Neft qiymətləri qəfil çökdü

ABŞ Prezidenti Donald Trampın Hörmüz Boğazı ilə bağlı “Azadlıq layihəsi”ni müvəqqəti dayandırması və İranla razılaşma ehtimalına dair müsbət mesajlar verməsi qlobal enerji bazarlarına dərhal təsir göstərib.

Referans Media xəbər verir ki, qərardan sonra dünya bazarlarında neft qiymətlərində eniş qeydə alınıb. Brent markalı neftin bir bareli 1,38 faiz ucuzlaşaraq 108,35 dollar səviyyəsinə düşüb. ABŞ xam nefti (WTI) isə 1,47 faiz geriləyərək 100,77 dollar olub.

Analitiklər qiymətlərin düşməsini, Hörmüz Boğazı ətrafında gərginliyin azalacağı və potensial razılaşma ehtimalının artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, bölgədə təchizat risklərinin azalması bazarlarda panika təsirini zəiflədib.

Neft qiymətlərində eniş müşahidə olunarkən, qızıl bazarında əks istiqamətli hərəkət qeydə alınıb. Dolların zəifləməsi və geosiyasi risklərin nisbi azalması fonunda spot qızılın unsiyası 1,8 faiz artaraq 4 637,14 dollara yüksəlib.

Dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz Boğazı son həftələrdə gərginlik səbəbindən diqqət mərkəzində idi. Bölgədəki risklərin artması ötən həftə neft qiymətlərini son illərin ən yüksək səviyyələrinə çıxarmışdı.

Donald Tramp açıqlamasında İranla aparılan danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib və bəzi ölkələrin müraciəti əsasında “Azadlıq layihəsi”nin müvəqqəti dayandırıldığını qeyd edib.

Hazırda bazarlar həm diplomatik prosesləri, həm də Hörmüz Boğazı ilə bağlı gələcək qərarları diqqətlə izləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki