Azərbaycanda qeyri-neft sektorunun inkişafı hazırda ən mühüm məsələlərdən biri hesab edilir. Bu isə bir çox sahələrdə müvafiq məhsul istehsalının yaradılması və inkişafını zərurətə çevirir. Ölkəmizdə hansı istiqamətlər üzrə sənayedə canlanma yaratmaq olar? Daha çox hansı növ sənaye məhsulları istehsal etmək mümkündür ki, sözügedən sektor da əsasən həmin istiqamətlər üzrə inkişaf etsin? Azərbaycanda nə üçün yüngül sənaye inkişaf etmir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, ölkəmizdə daha çox ümumi mühit olmalıdır. İstehsalla məşğul olanlar və investisiyalar üçün münbit şərait yaradılmalıdır ki, həm xarici həm də yerli investorlar müxtəlif sahələrdən gəlirli istiqamətləri tapa bilsinlər. Təəssüflər ki, kənd təsərrüfatı və regionların inkişafı ilə bağlı belə dövlət layihələri müsbət effekt vermir. Doğrudur müəyyən irəliləyişlər olsa da amma istənilən nəticəni vermədi. Çünki bunun yalnız dövlət proqramı çərçivəsində edilməsi doğru deyildi.
Natiq Cəfərlinin qənaətinə görə, ümumiyyətlə Azərbaycanda vergi sistemi dəyişməlidir. İnvestorlar üçün yaxşı şəraitin yaradılması vacibdir. Paralel olaraq ən əsas məsələlərdən biri də kommunal xidmətlərin ucuz başa gəlməsini reallaşdırmaqdır. Məlumdur ki, elektrik enerjisi, təbii qaz sənaye sektoru üçün çox bahadır. Bu da sərfəli deyil.
Ekspert hesab edir ki, Azərbaycanda ilk növbədə sənaye sahəsində kommunal xidmətlərin qiymətlərinin aşağı salınmasından sonra yüngül sənayenin və digər sektorların inkişafını təmin etmək olar. Beləliklə digər sahələr də təbii olaraq inkişaf edəcək. Bunun üçün də bu məsələdə xüsusi şəraitin yaradılmasından da ümumi vəziyyəti yaxşılaşdırmaq lazımdır.
“Nəticə etibarilə də investorlar gəlir gətirən sahələri özləri müəyyən edib həmin sahələrə də maddi yatırım edə bilərlər”,- deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
