Yanacaqdoldurma məntəqəsində faciə: Səhv avtomobilə atəş açdılar - VİDEO

ABŞ-ın Luiziana ştatının Hammond şəhərində baş verən dəhşətli silahlı hücum nəticəsində 50 yaşlı Patrisiya Şepard həyatını itirib.

Referans Media xəbər verir ki, silahlı şəxslər əvvəlcə aralarında düşmənçilik olan şəxslərin avtomobilini izləyiblər. Lakin bir müddət sonra hədəflərinin izini itirən hücumçular səhvən eyni marşrut üzrə hərəkət edən başqa bir avtomobili təqib etməyə başlayıblar.

Hadisə şəhərdəki yanacaqdoldurma məntəqələrindən birində baş verib. Avtomobilin sürücüsü marketə daxil olmaq üçün maşından düşdüyü anda hücumçular oğurlanmış avtomobillə yaxınlaşaraq nəqliyyat vasitəsinə təxminən 80 dəfə atəş açıblar. Avtomobildə tək qalan Patrisiya Şepard aldığı çoxsaylı güllə yaralarından hadisə yerində həyatını itirib.

Hammond Polis Departamentinin rəhbəri Edvin Berqeron bildirib ki, Patrisiya Şepardın nə hücumçularla, nə də onların əsl hədəfi olan şəxslərlə hər hansı əlaqəsi olmayıb. O, tamamilə təsadüfi və günahsız qurban olub.

Polisin məlumatına görə, hücumu ən azı iki və ya üç nəfər törədib. Şübhəlilər hadisə yerindən Mississippi ştatında oğurlandığı müəyyən edilən ağ rəngli avtomobillə qaçıblar.

Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki