1 qələbə olmadan DÇ-yə vəsiqə qazandılar

2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanan komandalar arasında ən çox diqqət çəkənlərdən biri də İsveç millisi olub.

Referans Media xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundiala yollanan Skandinaviya təmsilçisi seçmə mərhələdə uğursuz nəticələr göstərməsinə baxmayaraq, turnirə qatılmağı bacarıb.

İsveç millisi Avropa seçmə mərhələsində keçirdiyi altı qarşılaşmada qələbə qazana bilməyib. Komanda iki heç-heçə edib, dörd dəfə məğlub olaraq qrupunu sonuncu pillədə tamamlayıb. Buna baxmayaraq, UEFA Millətlər Liqasındakı uğurlu çıxışı sayəsində əlavə şans əldə edib.

Millətlər Liqasında qrup lideri olan İsveç pley-off mərhələsinə yüksələrək mundial uğrunda mübarizəni davam etdirib. Komanda yarımfinalda Ukrayna millisini 3:1 hesabı ilə məğlub edib. Finalda isə Polşa üzərində 3:2 hesablı qələbə qazanaraq Dünya Çempionatına vəsiqəni rəsmiləşdirib.

2026-cı il mundialında İsveç F qrupunda Niderland, Yaponiya və Tunis ilə qarşılaşacaq.

Qeyd edək ki, İsveç millisi tarixində 13-cü dəfə Dünya Çempionatında iştirak edəcək. Komandanın mundiallardakı ən böyük uğuru 1958-ci ildə ev sahibi olduğu turnirdə finala yüksəlməsi olub.

2022-ci ildə keçirilən dünya çempionatından kənarda qalan İsveç yığması dörd il sonra yenidən futbolun ən nüfuzlu yarışında mübarizə aparmaq imkanı qazanıb./milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki